Çin-Qırğızıstan sərhədində 7.1 ballıq zəlzələ olub

Çinin Aksu prefekturasında zəlzələdən zərər çəknlərin sığınacağı

Yanvarın 23-də gecə Çinin şimal-qərbindəki Sintzyan-Uyqur muxtar rayonunun Aksu dairəsində 7.1 maqnitudalı zəlzələ baş verib.

Bu xəbəri Çinin Sinxua agentliyi Çin Seysmoloji Şəbəkələr Mərkəzinin məlumatı əsasında verib.

Əsas təkandan sonra ard zərbələrinin qeydə alındığı xəbər verilir.

İlkin məlumatlara görə zəlzələnin episentri Çin və Qırğızıstan sərhədində yerləşən Uşi qəzasında olub.

Zəlzələnin 20 kilometrlik radiosuna beş kənd düşür. Bu kəndlərdə bir neçə ev və təsərrüfat tikililərinin uçduğu, bir neçə nəfərin yüngül zədələr aldığı xəbər verilir.

Çinin CCTV telekanalı xəbər verir ki, üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin aldığı xəsarətlərin ağır olduğu bildirilir.

Sintzyan jibao qəzeti yazır ki, bölgədə 47 ev tamamilə uçub.

Bəzi rayonlarda elektrikin verilməsində müvəqqəti fasilələr olub, amma hazırda elektrik enerjisinin verilməsi tam bərpa edilib.

Buna da bax:

Bakının iki qəsəbəsində epidemiyanın səbəbi açıqlanıb

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda

Yeraltı təkanlar habelə Qazaxıstanda, Qırğızıstanda və Özbəkistanda hiss olunub.

Qazaxıstan FHN-nin məlumatına görə zəlzələ Almatı, Astana, Çimkənd şəhərlərində, Almatı, Jetısu, Şərqi Qazaxıstan, Cambul və Karaqanda vilayətlərində hiss olunub.

Qırğızıstanda ən güclü təkanlar İssık Kul vilayətinin Ceti-Oquz, Tüp və Aksuu rayonlarında hiss edilib.

Paytaxt Bişkekdə zəlzələnin gücü 4-5 bal olub. Qırğızıstanda dağıntı və itki olmadığı xəbər verilir.

Bu da bildirlir ki, Almatı və Bişkekdə çoxmərtəbəli binalarda yaşayanlar küçələrə çıxıblar, adamlardan bəziləri maşınlarda gecələyib.

AzadlıqRadiosunun Qazax xidməti yazır ki, ayrı-ayrı rayonların yollarında tıxaclar yaranıb.

Almatıda səkkiz nəfərin xəsarət aldığı bildirilir. Almatı şəhər səhiyyə idarəsi ikinci və üçüncü mərtəbələrdən tullanarkən ciddi xəsarət alanların olduğunu xəbər verib.

Daha beş nəfər evlərini tərk etməyə çalışarkən xəsarət alıb.