Çeçenistanda 13 il əmək köləliyində saxlanılan buryat azad olunub

İşçi

Buryatiyadan olan Andrey Berdnikov 13 il Çeçenistanda saxlandığı əmək köləliyindən qurtula bilib. Kavkazr.com-un yazdığına görə, 37 yaşından əmək köləliyində saxlanılan Andrey Berdnikova sahibləri 13 il ərzində maaş verməyiblər və tez-tez döyüblər. Onun köləlikdən azad olunmasına və Çeçenistanı tərk etməsinə “Alternativa” hərəkatının könüllüləri yardım edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qul əməyi deyəndə göz önünə hansı peşə gəlir?

2000-ci illərdə SSRİ pasportu oğurlanandan sonra sənədsiz yaşayan buryatiyalıya 2010-cu ildə bir tanışı vasitəsilə Çeçenistanın Çernokozovo kəndində iş təklifi edilib. İlk görüşdə işəgötürən ildə 90 min rubl maaş verəcəyini vəd etsə də o, 13 il ərzində pul üzü görməyib. İtaətsizlik etdiyinə görə döyülüb, ünsiyyət üçün verilən telefon əlindən alınıb və hərəkətlərinə nəzarət edilib.

"Alternativa" hərəkatının koordinatoru Aleksey Nikitin 13 il müddəti könüllülərin təcrübəsində rekord müddət saymır. Dediyinə görə, buryatlının belə bir vəziyyətə düşməsinin səbəbi onun heç bir sənədinin olmaması və polis məntəqələrindən keçməməsi olub. Onun düşdüyü bu vəziyyətdən də heyvandarlıq təsərrüfatının sahibi istifadə edib.

"Burada fiziki həbsdən deyil, ümidsiz vəziyyətdən danışmaq olar - insanın heç bir sənədi yoxdur, hüquqi baxımdan bu, "kabusdur". Bu, istismar üçün arqument kimi istifadə olunur", - Nikitin bildirib.

Kavkazr.com azad olunandan sonra Berdnikovun Moskvaya getdiyini və qohumlarını axtardığını, həm də Rusiya vətəndaşlığını almaq hüququnu sübut etmək üçün arxivə müraciət etməyi planlaşdırdığını yazır.

Buna da bax: Müharibəyə zorla aparılan ortasiyalılar. Novosibirskə onlarla tabut gedib

Bu əmək köləliyinə cəlb edilmə ilə bağlı yeganə və sonuncu hal deyil. 57 yaşlı Sergey Busıgin də bir neçə il Dağıstanın Kizlyar yaxınlığındakı kərpic zavodunda eyni vəziyyətdə işlədilib, döyülüb və hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaqla hədələnib.

Özbəkistandan olan 43 yaşlı Aleksey Samarin də təxminən üç il Çeçenistanda bir fermada əmək köləliyində olub. O da saxlandığı müddətdə pulsuz-parasız məcburi işlədilib və vaxtaşırı döyülüb.

Dağıstanda, Kaspiyskdə kərpic zavodunda məcburi işə cəlb edilən 44 yaşlı Altay diyarından olan Viktor Rıjkovu da "Alternativa" könüllüləri azad ediblər. Sənədləri əlindən alınan, fiziki zorakılıqla, təhlükəsizlik qüvvələri ilə hədələnən Rıjkov hüquq müdafiəçiləri vasitəsilə qohumları ilə əlaqə saxlaya bilib.