Respublikanın çay və transsərhəd sularında mövcud durumla bağlı məlumat açıqlanıb. Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb.
Xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-260, Kiçik Qafqazın çaylarında 230-360, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-330 faizini təşkil edir.
Tranzit çaylarda mövcud duruma gəlincə, noyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 89 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 178 faizi qərindədir.
Kür çayının Surra məntəqəsində 6, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik yoxdur.