Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın beynəlxalq axtarışa verdiyi üç Rusiya vətəndaşının – İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin hüquqi müdafiəsini təmin etməyə hazır olduğunu bildirib. Nazirlik onu da vurğulayıb ki, bu şəxslərin açıqlamaları Moskvanın Azərbaycana münasibətdə mövqeyini əks etdirmir.
XİN-in sözçüsü Mariya Zaxarova avqustun 18-də bildirib ki, "Rusiya-Azərbaycan əlaqələri mövcud ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir”.
Zaxarova onu da qeyd edib ki, Azərbaycanın informasiya məkanında da Rusiyaya qarşı qeyri-dost narrativlər daim yer alır: “Biz dəfələrlə azərbaycanlı həmkarlarımıza informasiya mühitinin sağlamlaşdırılması məsələlərini siyasiləşdirmədən və mediada şişirtmədən... müzakirə etməyi təklif etmişik. Ümid edirik ki, belə bir dialoq baş tutacaq”.
Çadayev nazir müşaviri postundan istefa verib
Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib. O, bu barədə Telegram kanalında yazıb. Bundan əvvəl Azərbaycan Çadayevi axtarışa vermişdi.
“Kiminsə şəxsi ekspert mövqeyinin və ya ictimai açıqlamalarının dövlətlərarası əməkdaşlığa təsir göstərməsini, dövlətlərin birgə fəaliyyətinə maneələr yaratmasını düzgün saymıram”, – Çadayev qeyd edib.
“Vedomosti”nin yazdığına görə, keçmiş müşavir vurğulayıb ki, o, “sadəcə şəxsi ekspert mövqeyini ifadə edib”. Çadayev dronlar, texnoloji suverenlik və bununla bağlı siyasi proseslər mövzusunu dərindən araşdırdığını yazıb. O əlavə edib ki, hazırda Rusiya Nəqliyyat Nazirliyi “Şimal-Cənub” nəqliyyat dəhlizini inkişaf etdirir, bu layihə Azərbaycan ərazisində də həyata keçirilir.
Çadayev fəaliyyətini davam etdirəcəyini bildirib.
Avqustun 17-də Azərbaycan Baş Prokurorluğu Rusiya Nəqliyyat Nazirliyinin müşaviri Aleksey Çadayevi, siyasi məsləhətçi Semyon Uralovu və “Moskva 24” telekanalının keçmiş aparıcısı İvan Knyazevi axtarışa verib. Onlar terrorçuluğa, ölkənin ərazi bütövlüyünü pozmağa çağırışlarda, milli nifrəti qızışdırmaqda ittiham olunurlar.
Bir gün sonra isə Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Son dövrlərdə Rusiyanın informasiya məkanında “Azərbaycan Respublikası, xalqı, ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla” bağlı ciddi narahatlıq, habelə "qəti etiraz" qarşı tərəfin diqqətinə çatdırılıb.