Ceyhun Bayramov: Azərbaycan İranda sabitliyə önəm verir

Ceyhun Bayramov Vahid Cəlalzadəni qəbul edir.

Yanvarın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.

Bildirilir ki, V.Cəlalzadə İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. C.Bayramov, öz növbəsində, İranda sabitliyə önəm verdiklərini vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.

"İki ölkə arasında nəqliyyat, kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb", - məlumatda vurğulanır.

Cəbrayıl rayonunda Araz çayı üzərində inşa edilən "Xudafərin", "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyaları (SES) iki ölkənin birgə layihələridir. Onların arasında Şimal-Cənub Beynəlxalq Dəhlizi ilə də bağlı əməkdaşlıq var.

Xatırlatma

Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.

Ötən ilin sonu, dekabrın 28-dən etibarən İranın bir çox şəhərində İslam hökumətinə qarşı geniş yayılmış narazılıq və iqtisadi problemlər fonunda kütləvi nümayişlər başlayıb. Bir neçə həftə çəkən etirazlar zorakı üsullarla yatırılıb. ABŞ-də yerləşən HRANA təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı olduğunu, 9 min 787 ölümün araşdırıldığını bildirir.

İran bundan əvvəl nüvə proqramı və insan haqları məsələsinə görə müxtəlif sanksiyalarla üzləşib.