Bu gün, yanvarın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Van İ ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə ikitərəfli, çoxtərəfli münasibətlərin cari vəziyyəti, inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər: "Nazirlər... əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar".
"Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib.", - Azərbaycan XİN bildirir.
C.Bayramov Çinə yanvarın 27-də gedib.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib. Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Üstəlik, onlar hesab edirlər ki, Çinlə yaxınlaşma ABŞ ilə əməkdaşlığa xələl gətirə bilər.