Azərbaycan və Almaniya nazirləri görüşüb

Görüş

Bu gün, martın 29-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Xarici İşlər naziri Annalena Berbok ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Açıqlamaya görə, nazir C.Bayramov regiondakı son vəziyyətə dair məlumat verib, habelə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışını bölüşüb: "Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar".

Azərbaycan Xarici İşlər naziri C.Bayramov dünən, martın 28-də Almaniyaya səfər etmişdi.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur.

Azərbaycan Ermənistan münasibətlərinə gəldikdə isə, Qarabağ münaqişəsi iki ölkə arasında uzun illər gərginliklərə, silahlı toqquşmalara səbəb olub. Azərbaycan iki il əvvəl 44 günlük savaş nəticəsində işğal altında olan ərazilərinin çoxuna nəzarəti bərpa edib.