ABŞ təmsilçiləri Bakıda Orta Dəhlizi müzakirə ediblər

Ceyhun Bayramov ABŞ nümayəndə heyəti ilə görüşdə

Sentyabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, görüşdə bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr, imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub. Bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

Açıqlamaya görə, görüşdə habelə, Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub: “Ölkəmizin hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub...”

"Rusiya və İran dəhlizin istifadəyə verilməsini istəmir"

ABŞ şirkətləri "Tramp yolu" ilə bağlı layihələrdə iştirak etmək və tenderlərdə öz təkliflərini təqdim etmək imkanını böyük məmnuniyyətlə dəyərləndirəcəklər. Bunu ABŞ İqtisadi maliyyələşdirmə korporasiyasının icraçı direktoru Kennet Angel ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına həsr olunmuş brifinqdə jurnalistlərə bildirib. Xəbəri APA informasiya agentliyi yayıb.

K.Angel "Tramp yolu" ilə əlaqədar bir sıra geosiyasi faktorların olduğunu vurğulayıb:

"Bir tərəfdə Rusiya, digər tərəfdə isə İran bu dəhlizin istifadəyə verilməsini istəmir. Türkiyə isə əksinə, dəhlizin açılmasına dəstək nümayiş etdirir. Ermənistan da bu prosesdə maraqlıdır, çünki marşrutdan keçəcək yüklərdən rüsum toplamaq imkanı onlar üçün üstünlük hesab olunur. Məncə, bu məsələ müəyyən təhlükəsizlik təminatları və diplomatik yanaşma tələb edəcək. Lakin bu, iqtisadi tərəqqidən fərqli bir mövzudur".

Rəsmi Yerevan da bugünlərdə ABŞ təmsilçiləri ilə müzakirələr haqda informasiya veriləcəyiini bildirib.

Bundan əvvəl ABŞ biznes nümayəndə heyətinin Orta Dəhlizə səfərinin Qazaxıstan mərhələsi gerçəkləşib. Onlar Qazaxıstandan Azərbaycana sentyabrın 7-də gəliblər.

  • Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Trans-Caspian International Transport Route) və ya Orta Dəhliz (Middle Corridor) - Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhliz 2017-ci ildə fəaliyyətə başlayıb.
  • Bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri bu iki ölkə ( onilliklər boyu münaqişədə olublar) arasında Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.