Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Ceyhun Balaşovun dünən, avqustun 23-də polis nəzarətinə verilərək mülki xəstəxanaya köçürüldüyü bildirilir.
Bu barədə "Turan"a MBH-dən məlumat verilib.
Hərəkatdan əlavə olunub ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi avqustun 23-də C.Balaşovun vəziyyətinə görə onun polis nəzarətinə verilməsi ilə bağlı qərar qəbul edib.
MBH-dən bildirilib ki, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan C.Balaşovun səhhətində ciddi problemlər yaranmışdı, avqustun 23-də vəziyyəti ağırlaşdığına görə o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb: "Xəstəxanadan bizə bildirilib ki, Ceyhun süni nəfəs aparatına qoşulmuş vəziyyətdə daxil olub. Aldığı travma nəticəsində başında hematoma (bədən boşluqlarına və ya dəri altına yığılmış qan kütləsi) və çuxurlar yaranıb".
Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bu ilin iyulunda yaxınları C.Balaşovun 1 saylı Bakı İstintaq Təcridxanasında fiziki zorakılığa məruz qaldığını iddia etmişdilər. İddiada onun döyülməsinin səbəbi ittihamı qəbul etməməsi göstərilirdi. Amma Penitensiar Xidmətdən C.Balaşovun döyülməsi ilə bağlı məlumatlar təkzib olunmuşdu.
Buna da bax: 'İran casusu' adı ilə saxlananlar kimlərdirC.Balaşovu bu il fevralın 2-də Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Balaşov Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Xatırlatma
MBH-nin bəzi rəhbər şəxsləri hazırda uzunmüddətli həbsdədirlər. Onlar 2015-ci ildə ikisi polis olmaqla altı nəfərin öldüyü Nardaran hadisələri ilə bağlı həbs ediliblər.
Hərəkətin sədri Taleh Bağırov terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin o və onunla Nardaran hadisələrinə görə həbs olunanlar ittihamları qəbul etmir, hökumətin siyasətini sərt və açıq tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Üstəlik, polislərin ölümündə də əllərinin olmadığını deyirlər.
Təşkilatın bir çox üzvlərinin də narkotik ittihamı ilə həbs olunduğu açıqlanıb. Onlar da bu ittihamı qəbul etmir, təqsirsiz olduqlarını, sifarişlə həbs edildiklərini bildirirlər. Rəsmilər isə Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını vurğulayırlar.