Bazar günü – fevralın 1-də Çexiyanın paytaxtı Praqada və ölkənin digər şəhərlərdə on minlərlə insan prezident Petr Pavelə dəstək üçün küçələrə çıxıb.
Aksiyalar "Demokratiya naminə milyon an" vətəndaş təşəbbüsünün çağırışı ilə keçirilib. Praqada nümayişçilər şəhərin mərkəzi Staromestska və Vatslav meydanlarına toplaşıblar. Təşkilatçılar mitinqdə 80-90 min insanın iştirak etdiyini bildirir, bu isə son illərin ən böyük aksiyalarından biridir. Nümayişçilər "Tək deyilik!", digər şüarlar səsləndiriblər. Onlar Çexiyanın, Aİ və Ukraynanın bayraqlarını qaldırıblar.
Etirazlara prezident Petr Pavel ilə milyarder Andrey Babişin sağ-populist hökuməti arasında münaqişənin kəskinləşməsi səbəb olub.
Prezident "Avtomobilçilər özləri üçün" partiyasının fəxri sədri Filip Tureki ətraf mühit naziri təyin etməkdən imtina edib. O, qərarını Turekin daha öncə demokratik dövlətdə nazir vəzifəsinə uyğun gəlməyən açıqlamaları ilə izah edib.
Pavel xarici işlər naziri, Turekin partiya yoldaşı Petr Matsinkanı bu təyinatla bağlı ona təzyiq göstərməkdə, faktiki şantaj etməkdə suçlayıb. Avropayönlü partiyaların hazırda müxalifətdə olan təmsilçiləri prezidentə dəstək bildirib.
64 yaşlı Pavel NATO-nun keçmiş generalıdır, 2023-cü ilin martından Çexiya prezidentidir. Müxalifət fevralın 3-də hökumətə etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır, hökuməti prezidentə təzyiq göstərməkdə ittiham edir.
Amma bu təşəbbüsün uğur qazanma ehtimalı aşağıdır. Hakim koalisiya Deputatlar Palatasında 200 yerdən 108-nə sahibdir və sabit çoxluğu saxlayır. Koalisiyaya Babişin ANO partiyası, "Avtomobilçilər" və ultra-sağçı "Azadlıq və birbaşa demokratiya" partiyası daxildir. Babiş prezidentlə mübahisədə birbaşa iştirak etmir, amma Matsinkanı vəzifədən azad etməyi nəzərdən keçirmədiyini açıq bildirib. Xarici işlər nazirinin vəzifədən çıxarılmasını prezident tərəfdarları tələb edir.