Çexiyada parlament seçkiləridir

Andrey Babiş seçki kampaniyası zamanı

Rəy sorğuları Babiş və onun ANO partiyasının oktyabrın 8-də başlanmış ikigünlük seçkidə az fərqlə önə çıxacağını, çoxluğu yığa bilməyəcəyini göstərir

Çexiyada keçirilən parlament seçkiləri Baş nazir Andrey Babişin biznesi və ofşor holdinqləri haqda suallar yaranan bir vaxtda onun üçün bir sınaq sayılır.

Rəy sorğuları Babiş və onun ANO partiyasının oktyabrın 8-də başlanmış ikigünlük seçkidə az fərqlə önə çıxacağını, çoxluğu yığa bilməyəcəyini göstərir.

Onun azlıq hökumətini dəstəkləyən iki kiçik partiya – sol qanad Sosial Demokratlar və Kommunist Partiyası parlamentdə qalmaqdan ötrü yetərincə səs yığmaya bilər.

Bu səbəbdən ANO hakimiyyətini saxlamaq üçün ifrat-sağçı millətçilərlə pakt imzalaya bilər.

Buna da bax: AB üzvləri bəzi ölkələr üçün vizasız səyahəti məhdudlaşdıra bilər

Daha bir mümkün nəticə isə iki əsas müxalifətçi sağ mərkəzi və sol mərkəzçi bloklardan ibarət hökumətin yaranmasıdır.

67 yaşlı Babiş illərdir siyasətdə uğur qazanır, amma son vaxtlar adı Avropa Komissiyasının maraq toqquşması araşdırmalarında hallanıb. Onun Avropa Birliyinin subsidiyasından adekvat istifadə etməməsi polis tərəfindən araşdırılır. Babişin Fransada daşınmaz əmlak almaq üçün ofşor şirkətlərdən istifadə etməsi də gündəmə gəlib.

Baş nazir ittihamları rədd edir. O, ofşorlarla bağlı “Pandora Sənədləri” adlı araşdırmanı qarayaxma kampaniyası adlandırıb.

Hökumətin COVID-19 pandemiyası ilə mübarizəsi də tənqid olunur.

Yaşlı, populist hərəkətləri ilə diqqət çəkən Prezident Miloş Zeman isə Babişi dəstəkləyir. O, Babişin partiyası gərəkən səsi yığmasa, azlıq hökumətinin arxasında duracağını deyib.