Tanınmamış Cənubi Osetiya Respublikasının rəhbəri Alan Qaqloyev istefa verdiyini açıqlayıb. O, bundan sonra fəaliyyətini Rusiya Prezident Administrasiyasında davam etdirəcək və Vladimir Putinin müşaviri olacaq. Kremlin rəsmi saytı Putinin artıq Qaqloyevin yeni təyinatı barədə fərman imzaladığını xəbər verir.
Kremlin Mətbuat Xidmətinin məlumatına görə, Cənubi Osetiya rəhbərinin vəzifələrini müvəqqəti olaraq Marat Kambolov icra edəcək. Kambolov əvvəllər Qaqloyevin müşaviri, eləcə də tanınmamış regionun hökumət başçısı vəzifələrində çalışıb.
Kambolov Şimali Osetiyada doğulsa da, Moskvada təhsil alıb və karyerasını da orada qurub. O, Rusiyanın təhsil nazirinin müavini, daha sonra isə nüvə fizikası sahəsində araşdırmalar aparan "Kurçatov İnstitutu" Milli Tədqiqat Mərkəzinin direktoru olub. Bu ilin may ayınadək onun Cənubi Osetiya ilə heç bir əlaqəsi olmayıb. Kambolov mayın 27-də Qaqloyevin dövlət müşaviri təyin edilib, iyunun 8-də baş nazir postuna namizədliyi irəli sürülüb, iyunun 16-da isə bu vəzifəyə təsdiqlənib.
Dünya dövlətlərinin böyük qismi Cənubi Osetiyanı Gürcüstanın tərkib hissəsi, amma Tbilisinin nəzarətindən kənar ərazi kimi tanıyır.
Rusiya 2008-ci il Gürcüstan müharibəsinin ardından regionu müstəqil dövlət kimi tanıyıb. Hazırda burada Rusiya hərbi qüvvələri yerləşir və yerli sakinlərin, demək olar ki, hamısı Rusiya pasportu daşıyır.