'Cənab Heç kim Putinə qarşı' BAFTA mükafatı alıb

"Cənab Heç kim Putinə qarşı" sənədli filmi

Rusiyada müəllimin çəkdiyi "Cənab Heç kim Putinə qarşı" sənədli filmi Britaniya Kino Akademiyasının BAFTA mükafatına layiq görülüb. Filmi Çelyabinsk vilayətinin Karabaş şəhərindəki 1 nömrəli məktəbdə pedaqoq-təşkilatçı işləmiş Pavel Talankin çəkib.

BAFTA ABŞ-nin "Oskar" kino mükafatı ilə yanaşı, ən nüfuzlu beynəlxalq kino mükafatlarından biri sayılır. Hər iki mükafatın qalibləri çox vaxt üst-üstə düşür.

Talankin bir neçə il Karabaşdakı məktəbdə işləyib, orada keçirilən tədbirləri lentə alıb. Rusiya Ukraynada təcavüzkar müharibəyə başlayandan sonra məktəblərdə rusiyalı uşaqlara "vətənpərvərlik", ukraynalılara, Qərbə nifrət aşılayan kütləvi təbliğata start verilib. Talankin Təhsil Nazirliyinin göstərişi ilə bu dərslər barədə videohesabatlar çəkməyə başlayıb. 2024-cü ilin iyununda o, çəkdiyi materiallarla birlikdə Rusiyanı tərk edib. Daha sonra amerikalı sənədli film rejissoru David Borenşteynlə birlikdə həmin materiallar əsasında filmi montaj edib.

"Cənab Heç kim Putinə qarşı" filmini montaj edən bütün komanda – D.Borenşteyn, Helle Faber, Radovan Sibrt və Aljbeta Karaskova BAFTA mükafatına layiq görülüb. "Şərait nə qədər qaranlıq olsa da, istər Rusiyada, istərsə də Minneapolis küçələrində həmişə mənəvi seçim qarşısında qalırıq", – rejissor D.Borenşteyn mükafatı qəbul edərkən deyib.

Talankin "Nastoyaşşeye Vremya"ya müsahibəsində Mixail Rommun faşizmin yaranmasından bəhs edən sənədli filminə istinadla demişdi: ""Adi faşizm-2" kamerama tuş gəldi".

Rusiyada hakimiyyətə yaxın media Talankinin filmini "antirusiya" adlandırıb. Yerli KİV-lərin məlumatına görə, videoqrafın işlədiyi məktəbə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, Talankinin anası işindən çıxmağa məcbur olub.