Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qadağa ("stop") qoyulduğunu bildirib. O, bu barədə bu gün, noyabrın 5-də "Facebook" səhifəsində məlumat paylaşıb.
C.Həsənli vurğulayıb ki, 2027-ci il yanvarın 7-dən 10-na qədər Nyu-Orleanda Amerika Tarix Cəmiyyətinin 140-cı illik toplantısı keçiriləcək. Özü də həmin cəmiyyətin üzvü olduğundan bu tədbirə dəvət alıb.
Lakin Milli Şuranın sədri əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı (DTX) onun ölkədən çıxışına məhdudiyyət qoyub: "Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi ora dəvət etmədilər. Bizim mövqeyimiz belə idi ki, nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və ya iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olub. Artıq məhkəmə başa çatıb. Bizim də məhkəmədə şahid kimi ifadə verməyimizi lazım bilməyiblər. Lakin stop stopluğunda qalır".
Hələlik bu açıqlama ilə bağlı cavabdeh rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
R.Mehdiyev uzun illər Azərbaycan hakimiyyətində ən yüksək vəzifələrdən birini tutub. O, 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.
Mehdiyev barəsində cinayət təqibinə 2025-ci ilin oktyabrında başlanılıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun ev dustaqlığının müddəti sonradan bir neçə dəfə uzadılıb. Ötən ay isə məhkəmə istintaqı yekunlaşıb və R.Mehdiyev (yaşı və səhhətindəki problemlər əsas gətirilərək) 14 il şərti həbs cəzasına məhkum edilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bütün günahlar onun adına yazıldı: Bəs Ramiz Mehdiyev əslində niyə azadlıqda qaldı?
Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun müavini Məmməd İbrahim də ötən il noyabrın sonunda həbs olunublar. Onların ilkin olaraq R.Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilsə də, sonradan bu işlər icraatdan ayrılıb. Onlar hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə günahlandırılırlar. Hazırda məhkəmələri gedir.
Xatırlatma
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də bu işlə bağlı geniş bəyanat yayıb. Qurumun məlumatında Ramiz Mehdiyevlə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli, partiya üzvü Məmməd İbrahim və daha bir neçə şəxsin adı çəkilirdi. DTX iddia edir ki, həmin şəxslərin bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib. AXCP rəhbərlərindən savayı, adları çəkilən digər şəxslər bu ittihamlara reaksiya verməyiblər.