İctimai fəal sərbəst buraxılıb, amma polisdən şikayətçidir

Cəlil Zabidov

Noyabrın 17-də səhər saatlarında Azərbaycanın Yardımlı rayonunda saxlandığı deyilən Cəlil Zabidov və onun qohumlarının axşam saatlarında sərbəst buraxıldığı bildirilir.
Zabidov özü AzadlıqRadiosuna bildirib ki, noyabrın 17-də səhər o, oğlu, qardaşı və qardaşı oğlu ilə birgə saxlanıb:

“Hərdən Yardımlı şəhərinin mərkəzinə gedirəm, orada yol boyu maşınımdan göyərti və tərəvəz satıram. Orada başqa insanlar da ticarət edir. Bugün, noyabrın 17-də səhər qardaşımla ora gedəndə bizi saxladılar. Üstəlik, azyaşlı olan oğlum və qardaşım oğlu da saxlandı. Onlar bizimlə birlikdə mərkəzə dərs hazırlığına gedirdilər”.

Onun sözlərinə görə, “formal olaraq” saxlanılmasının səbəbi “qanunsuz küçə ticarəti” ilə izah edilib.

“İnsanları nə vaxtdan xırda ticarətə görə saxlamağa başlayıblar? Azyaşlı uşaqların saxlanması tamamilə qanunsuzdur” - deyə Zabidov vurğulayıb və əlavə iddia edib ki, polisdə onun telefonu sındırılıb.

Rayon prokurorluğuna...

O dediyinə görə, protokolu imzalamaqdan imtina edib və şöbəni tərk edərək polisin hərəkətindən şikayət etmək üçün rayon prokurorluğuna gedib.
Zabidov hesab edir ki, saxlanılmasının əsl səbəbi sosial şəbəkələrdəki fəaliyyəti olub.
O qeyd edib ki, saxlandığı ərəfədə Masallı rayonunda intihar etdiyi bildirilən müharibə veteranının fotosunu paylaşıb.

Bundan əlavə, o, dövlətin bayraq meydanlarının tikintisinə böyük məbləğlərin xərcləməsini tənqid edən video yayıb. Videoda, bu vəsaitlərin gənclərin təhsilinə yönəldilməsinin zəruriliyi qeyd edilib.

Cəlil Zabidovun dediklərinə Daxili İşlər Nazirliyi və Baş Parokurorluqdan, hələlik, münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl

İctimai fəal Cəlil Zabidovun ailə üzvləri ilə birlikdə Yardımlı rayon Polis Şöbəsinə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun yaxınları məlumat verib. Onların sözlərinə görə, noyabrın 17-də səhər saatlarında Yardımlı rayonunun mərkəzində polis əməkdaşları C.Zabidovu zorla avtomobilə mindirərək aparıblar: "Qardaşını da aparıblar. Cəlilin qardaşı oğlu hazırlığa gedirdi. Onu da maşına mindirib aparıblar".

Fəalın yaxınlarının fikrincə, bu, onun sosial şəbəkələrdə məmurlarla bağlı yazdığı tənqidli fikirlərlə bağlıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Turan"a bildirilib ki, C.Zabidov qardaşı ilə birlikdə qanunsuz küçə ticarəti ilə əlaqədar polis şöbəsinə dəvət ediliblər: "Əməllərinə uyğun olaraq inzibati protokol tərtib edildikdən sonra buraxılacaqlar".

İctimai fəal C.Zabidov buna qədər bir neçə dəfə həbs də edilib. Sonuncu belə olay ötən ilin yanvarında olmuşdu. Onda Zabidov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka inzibati həbs cəzası almışdı.

Bir dönəm müəllim işləyən C.Zabidov 2020-ci ilin mayında isə Yardımlı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay həbsə məhkum edilmişdi. Zabidov Yardımlı sakinlərindən birinə qarşı xuliqanlıqda günahlandırılmışdı. Həbsindən öncə o, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıda problem saydığı məsələlərdən bəhs edirdi. C.Zabidov materialları daha çox Facebook-dakı "Korrupsiyaya yox de" səhifəsində yayımlayırdı.

Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim tənqidi mövqeyi və dinc siyasi fəaliyyətinə görə təqib edilmir.