Cəbhəçilər yoldaşlarının buraxılmasını tələb ediblər

N.Əhmədovun razılaşdırılmamış aksiyada saxlanılması (Arxiv fotosu)

Oktyabrın 1-i, Bakıda Baş Prokurorluğun binası qarşısında  Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı  etiraz aksiyası keçirməyə cəhd edib.

Bugün, oktyabrın 1-i, Bakıda Baş Prokurorluğun binası qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup fəalı etiraz aksiyası keçirməyə cəhd edib.

Onlar əllərində həbsdə olan AXCP üzvləri Niyaməddin ƏhmədovZamin Salayevin şəkillərini tutaraq "Niyaməddin Əhmədova azadlıq!", "Siyasi məhbuslara azadlıq!", "İstefa" şüarları səsləndiriblər.

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarının əlindən plakatları alaraq onları saxlayıb, polis maşınlarına mindiriblər.

Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan” agentliyinə bildirib ki, saxlanılan yoxdur, şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib.

Sonradan AXCP-dən də saxlananların buraxıldığı təsdiq edilib.

Buna da bax: Niyaməddin Əhmədovun azadlığı tələb edilib

Xatırlatma

Niyaməddin Əhmədov ötən il həbs edilib. Ona qarşı cinayət məcəlləsinin (CM) 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış Qabil Məmmədovla əlaqədə ittiham olunur. Həm AXCP, həm də Məmmədov ittihamı rədd ediblər.

Zamin Salayev isə 2020-ci ildə 2 il 3 ay azadlıqdan məhrum olunub. O,Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.

Bir müddət öncə Salayev sosial şəbəkədə video yayaraq Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb.

Bundan sonra Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polis kapitanının şikayətini təmin edib.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısına salınanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, isə ölkə həbsxanalarında 100 civarında siyasi məhbus var.