Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı Əlizamin Salayev həbs olunub. Salyan rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib.
Salayev iyulun 7-də günorta saatlarında Salyan şəhərinin mərkəzindəki parkda etiraz edərkən saxlanıb.
Həmin vaxt Facebook hesabından canlı yayım açan AXCP üzvü bildirib ki, on günə yaxındır oğlunun avtomobilindən təxminən 850 manatlıq oğurluq olub. Onun vurğulamasına görə, lakin rayon polis şöbəsi cinayətin üstünü açmır, cinayətkarları cəzalandırmır.
Keçmiş prezident Heydər Əliyevin heykəli önündə etirazını dilə gətirən Salayev əhalinin dolanışığının ağır olduğunu, vətəndaşların haqqının pozulduğunu vurğulayıb.
Canlı yayım davam edərkən polis əməkdaşları AXCP üzvünü saxlayaraq, Salyan rayon Polis Şöbəsinə aparıb.
Axşam saat 21.00 radələrində isə onun məhkəmə önünə çıxarıldığı və haqqında həbs qərarı verildiyi haqqında məlumat yayılıb.
Buna da bax: Zamin Salayev azadlıqda…DİN-nin məlumatı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov AzadlıqRadiosu-na bildirib ki, Əlizamin Salayev oğlu Oktayı məsuliyyətdən yayındırmaq, onun cərimələrini ödəməməkdən ötrü sərxoş vəziyyətdə parka gələrək, ictimai asayişi pozub.
DİN əməkdaşının sözlərinə görə, polislər onu intizama dəvət etsələr də, Salayev tabe olmayıb, müqavimət göstərib. Onun əlavə etməsinə görə, bu üzdən polis şöbəsinə gətirilib, haqqında inzibati xəta ptorokolu tərtib edilib (polisə tabe olmamaq ittihamı ilə) və məhkəmə önünə çıxarılıb.
AXCP fəalının oğlunu hansı məsuliyyətdən yayındırmaq istəməsi sualına cavab olaraq DİN rəsmisi qeyd edib ki, 21-yaşlı Oktay Salayev hələ fevralda yol hərəkəti qaydasının pozulmasına görə 150 manat cərimələnib. Həmidovun deməsinə görə, cəriməni uzun müddət ödəmədiyinə görə, dəbbə pulu ilə məbləğ 240 manata çatıb:
“İyunun 29-da Oktay Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılıb. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilib. Hal şahidlərinin iştirakıyla avtomobilə baxış keçiriləndən sonra mühafizə olunan duracağa yerləşdirilib. Bu gün (iyulun 7-də) Oktay Salayevin atası oğlunu məsuliyyətdən yayındırmaq, cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə əsassız səs-küy qaldırıb” - Həmidovun sözləridir.
Həbs xəbərini Salyan Rayon Məhkəməsindən də təsdiqləyiblər.
Buna da bax: Həbsdə olan cəbhəçi: 'Ölüm aclığı keçirirəm...'Xatırlatma
AXCP-nin fəal üzvlərindən olan Əlizamin Salayev bundan öncə də bir neçə dəfə inzibati həbs olunub.
Bunların əksəriyyəti polisə müqavimət ittihamıyla inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, cinayət məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə məhkum edilib.
Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adı çəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı.
Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi.
Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi. Lakin onun işgəncəyə məruz qalması ilə bağlı dediklərini rəsmi qurumlar təsdiqləməmişdi.
Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.
Videoda haqqında bəhs olunan xanım isə Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib.
O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətə uyğun olmadığını söyləyib.
Salayev 2022-ci il yanvarın 19-da - Amnistiya Aktı ilə əlaqədar vaxtından bir neçə ay öncə azadlığa çıxmışdı.