Bir cəbhəçinin həbs edildiyi, digərinin cərimələndiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən birinin inzibati qaydada həbs olunduğu, digərinin isə cərimələndiyi bildirilir.

Bu barədə Azadlıq Radiosuna AXCP-dən məlumat verilib.

AXCP-dən bildirilib ki, aprelin 10-da partiyanın Ağdaş rayon şöbəsindən Ali Məclis üzvü Məzahir Rəhimov həmin rayonda saxlanıb:

"Yol getdiyi yerdə polislər onu saxlayıb, sonra rayon məhkəməsinə aparıblar və polisə müqavimət adı ilə 10 sutka inzibati qaydada həbs cəzası veriblər".

Partiyadan qeyd ediblər ki, Rəhimov siyasi fəaliyyətinə görə, həbs olunub və heç bir qanunsuz əməli yoxdur.

AXCP-dən əlavə olunub ki, Məzahir Rəhimovun məhkəməsinə gedən digər partiya üzvü Qorxmaz Əbdürrəhimovu da polis saxlayıb:

"Qorxmaz bəyi da saxlayıb məhkəməyə aparıblar və 100 manat cərimələyib sərbəst buraxıblar".

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və rayon məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

Amma Daxili İşlər Nazirliyi bir qayda olaraq insanların sırf siyasi fəaliyyətinə görə həbs olunması ilə bağlı deyilənləri təkzib edir.

Müxalifətdə olan AXCP-nin hazırda 5-ə qədər fəalı uzunmüddətli həbsdədir.

Onlar müxtəlif ittihamlarla üzləşsələr də partiya onları siyasi məhbus sayır.

Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.