Buker mükafatı Devid Saleyə 'Cism' romanına görə verildi

Devid Saley

2025-ci il Buker mükafatının qalibi Devid Saley olub. O, mükafata "Cism" (Flesh) romanına görə layiq görülüb.

"Reuters" xəbər verir ki, Saley ingilisdilli dünyada ən yüksək ədəbi mükafatlardan birini alan ilk macar-britaniyalı yazıçı olub.

Qalibin adı noyabrın 11-nə keçən gecə Londonda mərasimdə elan edilib. Münsiflər heyətinin sədri, irlandiyalı dramaturq Roddi Doyl Saleyin kitabını "qeyri-adi və unikal əsər" adlandırıb.

"Cism" D.Saleyin altıncı romanıdır. Kitabda İştvan adlı gənc macardan söz açılır. Fəhlə sinfindən olan İştvan hərbi xidmətdən sonra Londona köçür, zənginlər üçün işləməyə başlayır. Bu, yoxsulluqdan var-dövlətə aparan bir yolun, sinfi fərqlərin, gücün təbiətinin hekayəsidir. Saleyin özünün sözlərinə görə, o, "müasir Avropa və onu xarakterizə edən mədəni və iqtisadi fərqlər" haqqında bir kitab yazıb.

Buker mükafatının dəyəri 50 min funt sterlinqdir. Mükafat 1969-cu ildən bəri hər il Böyük Britaniya və ya İrlandiyada nəşr olunmuş ən yaxşı ingilisdilli kitaba təqdim olunur. Bu il mükafat uğrunda 150-dən çox yazıçı mübarizə aparıb.

Bu il ədəbiyyat üzrə Nobel mükafatı da macarıstanlı yazıçıya verilib. Laslo Krasnahorkai mükafata "apokaliptik terrorun ortasında sənətin gücünü təsdiqləyən təsirli və konseptual yaradıcılığına görə" layiq görülüb.