2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinin artırılması təklif olunur.
APA xəbər verir ki, bunu dekabrın 6-sı Milli Məclisinin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun bildirməsinə görə, Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərini diferensiallaşdırması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb. Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1.88, xərcləri isə 1.81 faiz artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat nəzərdə tutulur.
Buna qədər 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15 mlrd. 955 mln. manat, xərcləri 16 mlrd. 600 mln. manat nəzərdə tutulmuşdu.
Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının «şaxələndirilmiş ödəmə sistemi»nin tətbiqi haqqında qərar qəbul edib.
Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödəniş edəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyə minəcək.
Aylıq məsrəf 250 kVt/saat elektrikə görə qiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq isə 11 qəpikdən hesablanır.