Ötən il dövlət büdcəsindən "Formula-1 Azərbaycan Qran-Prisi" üçün 168 milyon manat vəsait xərclənib. Bu, 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatda əksini tapıb.
2024-cü il dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərə ümumilikdə 195.9 milyon manat ayrılıb.
2016-cı ildən bəri "Formula 1" yarışlarına ev sahibliyi edən Azərbaycan bununla bağlı tədbirlərin təşkilinə milyon manatlarla vəsait xərcləyir. Lakin ümumilikdə rəqəmlərin detalları ictimaiyyətə açıqlanmır.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, beynəlxalq idman yarışları ölkəyə xeyli turist cəlb edir, büdcəyə milyonlarla gəlir gətirir.
Bəzi ekspertlər də gəlirin qazancdan dəfələrlə az olduğunu iddia edirlər.
Tənqidçilər isə bildirirlər ki, bu vəsait təhsil, səhiyyə, regional inkişaf kimi daha vacib sahələrə yönəldilə bilərdi.
"Formula 1"ə ayrılan vəsaitlər mənimsənilirmi?
Üstəlik, Azərbaycanda "Formula 1" ilə bağlı mənimsəmə iddialarından tək müxalifət təmsilçilərinin çıxışlarında yox, məhkəmə iddianamələrində də bəhs edilir. Elə bu il, martın 17-də Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin 400 min manata yaxın yeyintidə təqsirləndirilən keçmiş şöbə müdiri Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib. Ç.Mehdiyev və vəkilləri məhkəmənin gedişində keçmiş gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimzadənin çağrılıb dindirilməsi barədə vəsatət qaldırsalar da, təmin edilməyib. A.Rəhimzadə 2022-ci ilin oktyabrına kimi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olub. O, istintaq vaxtı şahid kimi dindirilib. Ancaq iş məhkəməyə göndəriləndə ittiham tərəfi məhkəmədə dindirilməsini istədiyi şahidlərin siyahısına onun adını salmayıb. Ç.Mehdiyev isə özünü təqsirli bilmir.
Bu il Azərbaycanda "Formula 1" yarışları sentyabrın 19-21-də keçiriləcək. Ona da nə qədər pul xərclənəcəyi açıqlanmır.