"Bu ilin üç ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək". AZƏRTAC-ın xəbərin görə, bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı deyib ki, büdcə dürüstləşməsi aparmaq və Milli Məclisə təqdim etmək üçün hökumətə göstəriş verilib.
Onun sözlərinə görə, vergi xidməti və gömrük sektoru xətti ilə üç ay ərzində proqnozdan əlavə 1.5 milyard manat vəsait yığılıb: "Əlbəttə ki, biz ilin ancaq üç ayını başa vurmuşuq, ilin sonuna qədər, təbii ki, bu rəqəm artacaq".
"İstənilən vəziyyətə hazır olmalıyıq"
Əliyev hesab edir ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Onun deməsinə görə, bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək.
"İkinci yerdə bizim hərbi xərclərimiz olacaq, çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır", - dövlət başçısı vurğulayıb.
Onun əlavə etməsinə görə, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır: "Biz istənilən vəziyyətə hazır olmalıyıq".
Buna da bax: Bu ilin dövlət büdcəsində nə artıb və nə azalıb?Azərbaycan 2020-ci ildə müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Xatırlatma
2023-cü ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 30 milyard 774 milyon manat olması proqnozılaşdırılır. Bu, 2022-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 1 milyard 574 milyon manat və ya 5.4 faiz artıqdır. Xərclərinsə 33 milyard 353 milyon manat olması gözlənilir. 2023-cü ilin büdcəsində xərc bölümünün artımı gəlirlərin artım tempindən geri qalır.