Böyük Britaniya da uşaqlara sosial medianı qadağan edə bilər

Britaniyada Onlayn Təhlükəsizlik Aktı qüvvəyə minib.

Böyük Britaniya da Avstraliya kimi uşaqlar üçün sosial media qadağasını nəzərdən keçirir. Baş nazir Kir Starmer yanvarın 20-də bildirib ki, uşaqlar "sonsuz skrollinq, narahatlıq və müqayisə dünyasına" sürüklənmə riski ilə üzləşirlər.

Starmer hökumətin sərt tədbirlər görməyə hazır olduğunu deyib.

Hökumət sosial media qadağasının uşaqlar üçün effektiv olub-olmayacağını araşdıracağını bildirib.

"Bu, çox mürəkkəb bir məsələdir, buna görə də düzgün şəkildə nəzərdən keçirilməlidir", – Starmer "Substack"ə bildirib.

Nazirlər Avstraliyaya səfər edərək onların yanaşmasından öyrənəcəklərini deyiblər.

Ötən ay Avstraliya yaşı 16-dan az uşaqlar üçün sosial medianı qadağan edən ilk ölkə olub.

Britaniyada bu yaxınlarda Onlayn Təhlükəsizlik Aktı qüvvəyə minib. İnternetdə yaş yoxlaması ilə üzləşən uşaqların sayı 30 faizdən 47 faizə qalxıb. Hökumət bildirir ki, pornoqrafiya saytlarının açılması da 30 faiz azalıb.

Buna da bax: Avstraliyada yeniyetmələrin sosial mediadan istifadəsi yasaqlandı