Britaniya Ukraynaya 'Storm Shadow' raketlərinin istehsal texnologiyasını verəcək

"İstəklilər koalisiyası"nın toplantısı

Avropa ölkələri müharibə aparan Ukraynanı bundan sonra da dəstəkləyəcəklər. Avqustun 23-də Dövlət Bayrağı Günü və avqustun 24-də Müstəqillik Günü tədbirlərində bu ölkələrin liderləri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskini buna əmin ediblər. Liderlərin bəziləri Kiyevə gəlib, digərləri görüşə videokonfransla qoşulublar.

Böyük Britaniyanın baş naziri Endi Börnem, Almaniya kansleri Fridrix Merts və Fransa prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası” adından birgə bəyanat yayıblar. Onlar Rusiyanın davam edən təcavüzünü, Ukrayna şəhərlərinə, kritik infrastruktura və dinc əhaliyə zərbələrini pisləyiblər. Liderlər Ukraynaya dəstəyi gücləndirməyi vəd ediblər. Buraya ən əsası hava hücumundan müdafiə sahəsində yardım, Ukraynanın hərbi sənayesi ilə əməkdaşlıq daxildir.

Endi Börnem bildirib ki, Böyük Britaniya Ukraynaya uzaqmənzilli “Storm Shadow” raketlərinin istehsal texnologiyasını verəcək. Bununla da Ukraynanın müdafiə müəssisələri həmin raketləri özləri istehsal edə biləcəklər.

Börnem Rusiyadan təhdidlərə də toxunub. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı gələcəkdə həmin zavodları məhv etmək üçün artıq raketlərin istehsal yerləri barədə məlumat toplamağa çalışır. Amma o, Volodimir Zelenskini əmin edib ki, bu təhdidlər Britaniyanın Ukraynaya yardım etmək əzminə təsir göstərməyəcək.

Böyük Britaniya və Ukrayna hərbi texnologiyalarda süni intellektin tətbiqi sahəsində əməkdaşlıq haqqında saziş də imzalayıblar.

“Ukrayna təhlükəsizliyimizdə boşluq deyil, Avropanın müdafiəçisidir, Avropada sülhün müdafiəsinin ön xəttidir”, – Börnem deyib.

Norveç 2027-ci ildə Ukraynaya təxminən 9 milyard dollar ayırmağı planlaşdırır. Bunu ölkənin baş naziri Yonas Qar Störe deyib. Norveç 2026-cı il üçün də Ukraynaya təxminən eyni məbləğdə vəsait ayırıb.

Avropa Komissiyası isə Ukraynanın Müstəqillik Günündə Kiyevə hərbi xərclər üçün daha bir 6,1 milyard avroluq tranş ayırıb. Bu açıqlamanı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen verib. Onun sözlərinə görə, vəsait Ukraynanın hazırda ciddi ehtiyac duyduğu “hava və raket hücumundan müdafiə sistemlərinin, raketlərin, sursatların və radiolokasiya stansiyalarının” alınması üçün nəzərdə tutulub.

Bu tranş 2026-2027-ci illərdə Avropanın Ukraynaya dəstək üçün nəzərdə tutduğu 90 milyard avroluq kreditin bir hissəsidir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrindən 30 milyard avro həcmində dəstək gözlədiyini bildirmişdi. Zelenski Müdafiə Nazirliyinin büdcəsindəki kəsiri 27 milyard dollar qiymətləndirmişdi.