Böyük Britaniya parçalanır? Üç ölkədən müstəqillik memorandumu

Öz müqəddəratını təyin etmə referendumlarının keçirilməsini tələb edən regional liderlər Con Suinni, Rin ap İorvert, Meri Lu Makdonald və Mişel O'Nil imzaladıqları anlaşma sənədi ilə birlikdə fotoşəkil çəkdirirlər.

Sentyabrın 14-də Uels, Şotlandiya və Şimali İrlandiyanın birinci nazirləri Böyük Britaniya hökumətini konstitusiya dəyişikliklərinə hazırlaşmağa çağırıblar. BBC-nin xəbərinə görə, Kardiffdə birgə anlaşma memorandumu imzalayan liderlər Böyük Britaniyada "Vestminster dövrü"nün (Londonun mütləq hakimiyyətinin) bitmək üzrə olduğunu bəyan ediblər.

"Plaid Kimri" (Uels Partiyası), "Şinn Feyn" (Şimali İrlandiya) və Şotlandiya Milli Partiyasının (SNP) millətçi liderləri öz ölkələrinin Birləşmiş Krallıqdan ayrılmasını istəyirlər. Onların bu gün imzaladığı sənəddə deyilir ki, "heç bir Vestminster hökumətinin demokratiyanı bloklamağa və ya xalqların öz gələcəyini təyin etmək hüququna mane olmağa ixtiyarı yoxdur".

Şotlandiyanın birinci naziri Con Suinni və Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil birgə mətbuat konfransında müstəqillik referendumlarının keçirilməsi çağırışını ediblər. Uelsin birinci naziri Rin ap İorvert isə referendum məsələsinə dəstək versə də, öz ölkəsində səsvermə üçün hər hansı konkret vaxt açıqlamaqdan yayınıb.

BBC yazır ki, yerli hökumətlərə geniş səlahiyyətlərin verilməsi prosesinin başlanmasından bəri ilk dəfədir ki, Uels, Şotlandiya və Şimali İrlandiya hökumətlərinin rəhbərləri eyni vaxtda Birləşmiş Krallıqdan ayrılmağın tərəfdarı kimi çıxış edirlər.

Ötən həftə Böyük Britaniyanın İcmalar Palatasında Şotlandiyanın müstəqilliyi məsələsi yenidən gündəmə gəlib. Parlamentdəki ənənəvi sual-cavab sessiyasında çıxış edən baş nazir Endi Börnem ictimaiyyətin səsverməyə açıq dəstəyi olacağı halda, Şotlandiyada ikinci müstəqillik referendumunun keçirilə biləcəyinə işarə edib.

2014-cü ilin sentyabrında Şotlandiyanın müstəqilliyinə dair ilk referendumda seçicilərin 55 faizi Birləşmiş Krallığın tərkibində qalmağa, 45 faizi isə ayrılmağa səs vermişdi.

ABŞ prezidenti Donald Tramp bazar günü İrlandiya viskisinə tarifləri ləğv etdiyini açıqlayıb. O, İrlandiyada qolf turnirinin sonunda belə bir açıqlama verib. Tramp İrlandiyanın birləşməsinə dəstəyini bir daha səsləndirib.