Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib

London

Böyük Britaniya Ukraynaya qarşı tammiqyaslı işğalın dördüncü ildönümündə Rusiyaya yeni sanksiyalar elan edib.

Siyahıya 297 qurum salınıb. Britaniya hakimiyyətinin bildirdiyinə görə, Rusiya neft ixracının 80 faizindən çoxunun daşınmasına cavabdeh "Transneft" ASC də siyahıdadır. Şirkətə məhdudiyyətlər "Kremlin öz neftinə alıcı tapmaq üçün çarəsiz cəhdlərini daha da çətinləşdirəcək", - hökumət bildirir.

48 neft tankerinə və 175 şirkətə də sanksiyalar qoyulub. Onların Rusiyanın kölgə donanmasının ən iri operatorlarından və əsas neft treyderlərindən sayılan "2Rivers" (Coral Energy) neft şəbəkəsinə aid olduğu iddia edilir.

Rusiyaya dəstək göstərən 49 hüquqi və fiziki şəxs də sanksiya siyahısına salınıb. Onların arasında Rusiya silahları üçün mal, komponent və texnologiyalar təqdim edən beynəlxalq təchizatçılar da var.

Ümumilikdə siyahıda doqquz bankın adı yer alıb. Britaniya hökuməti qeyd edir ki, Rusiya bankları "Rusiyanın beynəlxalq bazarlara çıxışını qoruyub saxlamaq, hərbi əməliyyatları maliyyələşdirmək cəhdlərində həyati rol oynayır".

"Rusiya artıq dörd ildir ki, Putinin üçgünlük hesabladığı işğalı davam etdirir", – bunu Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper bildirib. Kuper hazırda Kiyevdədir. O, Ukraynanın dayanıqlığını gücləndirmək üçün 30 milyon funt sterlinq ayrıldığını elan edəcək. Bu vəsaitin 25 milyon funt sterlinqdən çoxu enerji infrastrukturunun bərpasına və əhaliyə dəstəyə yönəldiləcək.