Oktyabrın 8-də Britaniya Kral Hərbi Hava Qüvvələrinin Kembricşir qraflığındakı Moulsvort bazası yaxınlığında iki Latviya vətəndaşı saxlanılıb. Onlar aviabazanın ərazisinə qanunsuz daxil olmaqda şübhəli bilinirlər.
Oktyabrın 7-də axşam saatlarında aviabazanın patrulu yaxınlıqda park edilmiş boş bir avtomobil aşkarlayıb. Az sonra hərbçilər bazanın hasarında dəlik tapıblar. Gecə saat 02:00 radələrində hərbi polis bazanın ərazisində 32 və 36 yaşlı iki kişini saxlayıb. Onların Britaniyada yaşayan Latviya vətəndaşları olduğu məlum olub.
Sonradan həmin şəxslərin polis şöbəsinə gətirildiyi, Piterborodakı mənzillərində isə axtarış aparıldığı açıqlanıb.
Polis rəsmisi hələlik Moulsvortdakı hadisənin Feyrford aviabazası yaxınlığında baş verənlərlə əlaqəsinin olmadığını bildirib.
Sentyabrın 27-də həmin bazanın yaxınlığında üç furqonla gələn beş nəfər saxlanılmışdı. Onlar və sonradan həbs edilən Britaniya-İran ikili vətəndaşlığı olan şəxs terrorçuluqda iştirakda və partlayıcı maddələr haqqında qanunu pozmaqda şübhəli bilinirlər.
Moulsvort bazası Londonun təxminən 100 kilometrliyində yerləşir. Bazadan təyyarələrin uçuş və enişi üçün müntəzəm istifadə edilmir. Burada NATO-nun kəşfiyyat mərkəzi və ABŞ-nin Birgə Kəşfiyyat Əməliyyatları Mərkəzi yerləşir.
Matros casusluqda şübhəli bilinir
Oktyabrın 8-də Britaniyada Kral Hərbi Dəniz Qüvvələrinin matrosu Teddi Yanq məhkəmə qarşısına çıxarılıb. O, Rusiyanın xeyrinə casusluğa hazırlaşmaqda ittiham olunur.
BBC-nin rus xidməti xəbər verir ki, Yanq Britaniya Silahlı Qüvvələrinin 2023-cü ildə qəbul edilmiş yeni "Milli Təhlükəsizlik Qanunu" əsasında ittiham olunan ilk hərbi qulluqçusudur.
T.Yanq 2024-cü ilin noyabrından 2025-ci ilin mayınadək xarici dövlətin maraqları naminə məxfi məlumatların ötürülməsinə hazırlaşmaqda günahlandırılır.
İstintaqın versiyasına görə, o, kəşfiyyat mütəxəssisi kimi xidmət edərkən Britaniyanın müdafiəsi və kəşfiyyat fəaliyyəti ilə bağlı məxfi materialları özündə saxlayıb və onları ötürməyə hazırlaşıb. BBC qeyd edir ki, Yanqın bir mesajı rus dilinə tərcümə etməsi və məlumatları Rusiyaya ötürmək üçün internet portalı axtarması istintaqın əsas dəlilləri sırasındadır.
Yanq bu həftə evində saxlanılıb. Onun 2025-ci ilin mayında da saxlanıldığı, bundan sonra məxfi məlumatlara çıxışının ləğv edildiyi və xidməti vəzifələrinin icrasından kənarlaşdırıldığı bildirilir.
Polis ehtimal olunan bu cinayətlərin də Feyrford aviabazası yaxınlığındakı insidentlə bağlı olmadığını vurğulayıb.
Britaniya Rusiyanın işğalına qarşı Ukraynaya hərbi yardım göstərir. Ukraynanın liqa.net nəşri yazır ki, Britaniya Hərbi Dəniz Qüvvələrinin məxfi məlumatlarının mümkün sızması Ukraynanın müdafiə əməliyyatlarına ciddi təhlükə yarada bilər.