Noviçokdan zəhərlənmiş britaniyalının vəziyyəti yaxşılaşıb

Dawn Sturgess (solda) və Charles Rowley

Britaniya xəstəxanası bildirir ki, Sovet istehsallı kimyəvi maddədən zəhərlənmiş Britaniya vətəndaşının huşu özünə qayıdıb.

Solsberi rayon xəstəxanasının verdiyi xəbərə görə Charlie Rowley sevgilisi Dawn Sturgess Noviçok maddəsi ilə zəhərlənmədən öldükdən iki gün sonra özünə gəlib.

Həkimlər deyirlər ki, Charlie Rowley-nin vəziyyətində kiçik, lakin əhəmiyyətli yaxşılaşma qeydə alınıb.

Bu iki nəfərin iyunun 30-da kimyəvi maddədən zəhərlənərək huşlarını itirdikləri xəbər verilmişdi.

Noviçok maddəsi Sovet İttifaqında istehsal edilirdi. Keçmiş ikili agent sergey Skripal və qızı Yulia da mart ayında bu maddədən zəhərlənmişdilər.

Polis şübhələnir ki, Rowley və Sturgess təsadüfən mart ayındakı insidentdən qalmış maddənin qalıqları ilə zəhərləniblər.

Skripallar bu zəhərlənmədən sağ qalıblar, lakin Sturgess-in ölümündən sonra, iyulun 9-da Britaniyanın müdafiə naziri Gavin Williamson Rusiyanı “Britaniya torpağında Britaniya vətəndaşlarına hücumda” ittiham edib.

Kreml bu ittihamı “absurd” adlandıraraq rədd edib.

Skripalların zəhərlənməsi diplomatik qarşıdurmaya səbəb olmuş, onlarca Rusiya diplomatı Avropa ölkələrindən qovulmuşdu.