Böyük Britaniyanın baş naziri Endi Börnem Breksiti tənqid edərək onun “işə yaramadığını”, ölkənin “qazandığından daha çox şey itirdiyini” bildirib. O, ölkəsinin Avropa İttifaqı (Aİ) ilə Breksit sazişinə yenidən baxılması üçün danışıqlara başladığını açıqlayıb.
Breksit Böyük Britaniyanın Aİ-dən çıxması prosesinə deyilir.
“Breksit dünyada təcridçilik və proteksionizmə doğru qlobal hərəkatda yıxılan ilk domino daşı oldu. Düşmənlərimiz də məhz bunu istəyirdi. Rusiya NATO daxilində parçalanma və Avropanın zəifləməsini istəyirdi”, – Börnem bildirib.
Noyabrın 20-də Börnemin Brüsseldə Avropa liderləri ilə görüşəcəyi gözlənilir. Onlar ərzaq və kənd təsərrüfatı, emissiya kvotalarının ticarəti sahələrində əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.
Britaniyanın baş naziri deyib ki, bu razılaşmalar ölkənin ümumi daxili məhsulunu 0,4 faiz, yəni təxminən 17 milyard funt sterlinq artıra bilər.
Sammit ərəfəsində Börnem Breksit sazişinə yenidən baxılması üçün üç şərt irəli sürüb. Birincisi, yeni razılaşma Leyboristlər Partiyasının seçkiqabağı verdikləri vahid bazara, gömrük ittifaqına və sərbəst hərəkət rejiminə qayıtmamaq barədə vədlərə zidd olmamalıdır. İkincisi, mövcud sazişdən daha yaxşı olmalı və 2016-cı ildə Aİ-dən çıxmağa səs vermiş britaniyalıların gözləntilərinə cavab verməlidir. Üçüncüsü, insanların gündəlik həyatında nəzərəçarpacaq yaxşılaşmalara səbəb olmalıdır.
Börnem vurğulayıb ki, müzakirələrin hər mərhələsində “son söz Britaniya xalqının olacaq”.
O, əvvəlki hökumətləri tənqid edib, onların Böyük Britaniyanın müttəfiqlərinə kifayət qədər diqqət ayırmadıqlarını, bununla ölkənin beynəlxalq nüfuzuna zərər vurduqlarını söyləyib.
2016-cı ilin iyununda Böyük Britaniya Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirib. Seçicilərin 51,9 faizi Breksiti, 48,1 faizi isə Aİ üzvlüyünün saxlanılmasını dəstəkləyib.
Böyük Britaniya 2020-ci il yanvarın 31-də Avropa İttifaqını rəsmən tərk edib, keçid dövrü isə həmin ilin sonunda başa çatıb.
Breksiti dəstəkləyənlər ölkənin daxili siyasəti və qanunvericiliyi üzərində milli nəzarəti bərpa etmək, eləcə də immiqrasiyanı məhdudlaşdırmaq istəyirdilər.