London polisinin antiterror bölməsi Böyük Britaniyada ABŞ ordusunun hərbi qulluqçusunun saxlanıldığını bildirib. O, milli təhlükəsizlik qanunvericiliyinin pozulmasında və Rusiya ilə əlaqəli qanunsuz fəaliyyətlərdə şübhəli bilinir.
41 yaşlı yüksəkrütbəli hərbçinin dünən – noyabrın 10-da Qloster şəhəri yaxınlığında saxlanıldığı vurğulanır. BBC-nin məlumatına görə, ona qarşı şübhələr gizli məlumatların əldə edilməsi və ya yayılması, habelə xarici kəşfiyyat xidmətinə işləməklə bağlı maddələrlə əlaqədardır.
İstintaq çərçivəsində Qlosterşir qraflığındakı iki ünvanda axtarış aparılıb.
BBC-nin verdiyi xəbərə görə, həmin hərbçi Qlosterşir qraflığının İnnsvort qəsəbəsində yerləşən "İmcin" hərbi bazasında xidmət edirmiş. Bu bazada NATO-nun Sürətli Reaksiya Korpusunun qərargahı yerləşir.
London polisi istintaq çərçivəsində Britaniya hüquq-mühafizə orqanlarının ABŞ ilə, xüsusilə də Federal Təhqiqat Bürosu (FTB) ilə sıx əməkdaşlıq etdiyini bildirib.
FTB direktoru Keş Patel casusluq ittihamı ilə bağlı bu həbsi "mühüm qərar" adlandırıb.
"İstintaqın davam etdiyi bir vaxtda açıq şəkildə bildirmək istəyirəm: FTB ABŞ-yə verdiyi sədaqət andını pozan, öz əməlləri ilə milli təhlükəsizliyimizə, eləcə də tərəfdaşlarımızın təhlükəsizliyinə təhlükə yaradan heç kimə qarşı güzəştə getməyəcək", –Patel vurğulayıb.
Hərbçinin adı açıqlanmır. Hazırda o, London polis bölmələrindən birində saxlanılır.