Avropa Birliyi Britaniyanın "Brekzit"lə bağlı əsas təklifi rədd edib

Theresa May

Brüssel, Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı Londonun əsas təklifini rədd edib.

Bu barədə "The Times" qəzeti yazır.

Böyük Britaniyanın baş naziri Theresa May, ölkəsinin Avropa Birliyindən çıxaçağı halda gömrük problemlərinin aradan qaldırılması ilə bağlı “müstəqil mexanizm” yaradılmasını təklif edib.

Amma Avropa Birliyi (AB) rəhbərliyi təkid edir ki, fikir ayrılıqları yalnız Avropa məhkəməsində həll olunmalıdır.

Qəzetin yazdığına görə, “Brekzit”-Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına qarşı olan 4 nazir istefa vermək fikrindədir.

Bu baş nazir Theresa May üçün danışıqlar prosesini daha da çətinləşdirəcək.

Theresa May bu danışıqlara birgə kabinetlə getmək istəyir.

"Telegraph" qəzeti isə yazır ki, başqa bir tərəfdənsə,”Brekzit”in yumşaq variantı”ilə razılaşmayan avroskeptik deputatlar da baş nazirin planına qarşı səs verməyə hazırlaşırlar.

Kütləvi informasiya vasitələri (KİV) bundan əvvəl yazırdılar ki, Theresa May ölkəsinin Avropa Birliyindən çıxacağı halda vahid gömrük ittifaqında qalması məsələsində Brüssellə razılaşa bilib.

Qeyd edək ki, Böyük Britaniya sakinləri 2016-cı ildə keçirilən referendumda cüzi səs çoxlu ilə ölkələrinin AB-dən çıxmasına səs veriblər.

“Brekzit”in rəsmi vaxtı isə 2019-cu il martın 29-a təyin edilib.

Əgər bu baş versə, bundan sonra keçid dövrü başlayacaq.

Keçid dövrü, 2021-ci ilədək davam etməlidir.