Lula dördüncü dəfə prezident seçildi, rəqibi nəticəni qəbul etmir

İşçi Partiyasından (PT) yenidən prezidentliyə namizəd olan Luis İnasiu Lula da Silva seçkilərin ikinci turunda qalib gəldikdən sonra çıxış edir.

Braziliya prezidenti Luis İnasiu Lula da Silva oktyabrın 26-da keçirilən seçkilərdə dördüncü dəfə dövlət başçısı seçilib. Bu barədə ölkənin Ali Seçki Məhkəməsi məlumat yayıb.

Onun rəqibi, keçmiş prezident Jair Bolsonaronun böyük oğlu, senator Flavio Bolsonaro isə məğlubiyyətini qəbul etməyib. O, Ali Məhkəmə hakimlərindən birinin səsvermə müddətini iki saat uzatdığını əsas gətirərək seçkilərin nəticələrinin ləğvini tələb edib.

Bolsonaro seçkilərin birinci turunda lider olsa da, ikinci turda Lulaya 4 milyondan çox səs fərqi ilə uduzub. "Reuters" agentliyi yazır ki, bu nəticə Bolsonaronun qələbəsinə ümid bəsləyən Braziliya maliyyə bazarlarında ciddi narahatlıq yaradıb.

Onun atası da 2022-ci ildə Lulaya məğlub olduqdan sonra eyni şəkildə davranmışdı. J.Bolsonaro məğlubiyyəti ilə barışmamış, sonradan isə Ali Məhkəmə onu hakimiyyətdə qalmaq üçün dövlət çevrilişi planlaşdırmaqda ittiham edərək 27 il həbs cəzasına məhkum etmişdi.

İşçi Partiyasının (PT) qurucusu və lideri olan 80 yaşlı Lula isə vaxtilə – 2018-2019-cu illərdə korrupsiya ittihamları ilə həbsdə yatıb. Sonradan həmin ittihamlar üzrə hökmlər ləğv edilib və o, 2022-ci il seçkilərində J.Bolsonaroya qalib gəlib.