Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası avqustun 6-da ölkə tərkibindəki muxtar qurum olan Serbska Respublikasının prezidenti Milorad Dodikin səlahiyyətlərinə xitam verilməsi barədə yekdil qərar qəbul edib.
Qərardan iki gün ərzində apellyasiya şikayəti verilə bilər. Əgər qərar qüvvəyə minərsə, 90 gün ərzində Serbska Respublikasının yeni rəhbərinin seçilməsi üçün növbədənkənar seçki təyin olunacaq.
Dodik seçki komissiyasının qərarına sərt reaksiya verib. O, X sosial şəbəkəsində yazıb: "Təslim olmaq və geri çəkilmək variantları yoxdur".
Dodik vurğulayıb ki, o, vəzifəyə başlayarkən Serbska Respublikası vətəndaşlarının maraqlarını qoruyacağına and içib və Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasına tabe olmayacaq.
Fevralda Sarayevo məhkəməsi Dodiki qiyabi olaraq 1 il müddətinə azadlıqdan məhrum edib və 6 il müddətinə onun siyasi fəaliyyətinə qadağa qoyub. Dodik Konstitusiya Məhkəməsinin və beynəlxalq birliyin Bosniya üzrə ali nümayəndəsi Kristian Şmidtin qərarlarına məhəl qoymamaqda təqsirli bilinib.
Dodik isə ona qarşı çıxarılan məhkəmə və siyasi qərarları "Serbska Respublikasına qarşı hücum" adlandırır və erkən seçkilərin keçirilməsinə icazə verməyəcəyini deyir.
M.Dodikə qarşı cinayət işi 2023-cü ildə onun Serbska Respublikasında Bosniya və Herseqovina Konstitusiya Məhkəməsinin hökmlərinin və ali beynəlxalq nümayəndənin qərarlarının icrasını qadağan edən qanunu imzalamasından sonra başlanıb.
Dodik özünü təqsirli saymayıb və məhkəmə hökmündən sonra da Bosniyanın federal polisi və məhkəmə sisteminin nümayəndələrinin Serbska Respublikası ərazisinə daxil olmasını qadağan edən qanunların qəbulunda rol oynayıb. Daha sonra həmin qanunlar Bosniya və Herseqovinanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.
Dodiklə bağlı qərar Bosniya və Herseqovinada 1990-cı illərdən bəri ən ciddi gərginliyə səbəb olub.
M.Dodik Rusiyaya yaxın mövqeyi ilə tanınır. O, separatçı və anti-Avropa ritorikası, korrupsiya və səlahiyyətdən sui-istifadə şübhələri, beynəlxalq sülhməramlı səylərə mane olduğu üçün ABŞ və Böyük Britaniya sanksiyalarına məruz qalıb.
2024-cü ildə Dodik Srebrenitsa qətliamını soyqırımı kimi tanıyan BMT qətnaməsini tanımaqdan imtina edib.