Lui Bono regionda görüşlərinə davam edir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə ikinci dəfə Azərbaycana gələrək martın 10-da Bakıda xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı “Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi, delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər” müzakirə olunub:

“Nazir Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını... diqqətə çatdırıb”.

Açıqlamaya görə, nazir eyni zamanda, “erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə baxışları barədə qarşı tərəfə məlumat verib.”

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Amma onlar bundan öncə öhdəliklərin yerinə yetirilməməsi və öz qüvvələrini Azərbaycandan çıxarmamaları ilə bağlı iddiaları qəbul etməyiblər. Onlar Qarabağdakı “müdafiə ordusu”nun özlərinin silahlı qüvvələrinə daxli olmadığını vurğulayırlar.

Buna da bax: Ermənistan KTMT-də baş katibin müavini vəzifəsindən imtina edib

Daha əvvəl olanlar…

ABŞ-ın Qafqazdakı xüsusi nümayəndəsi Luis Bono regiona səfəri çərçivəsində əvvəlcə, aprelin 6-da Azərbaycanda görüşlərə başlamışdı.

AZƏRTAC-ın xəbərinə görə, o, prezident İlham Əliyevlə görüşündə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıb.

Bono Bakıda keçirdiyi brifinqdə demişdi ki, 'məqsədləri azərbaycanlı və ermənilərin əziyyətlərinə son qoymaqdır'

Elə həmin gün, martın 6-da Qarabağda atəş səsləri eşidilmişdi. Azərbaycan iki hərbçisinin, erməni tərəfi isə üç polis əməkdaşının həlak olduğunu açıqlayıb. Tərəflər bir-birini provokasiyada ittiham edib.

Lui Bono Azerbaycandan sonra Ermənistana getmiş və orada da görüşlərini davam etdirmişdi.

AzadlıqRadiosunun Erməni xidmətinin məlumatına görə, ABŞ təmsilçisi demişdi ki, Qarabağ ermənilərinin təhlükəsizlik və hüquqlarının təmin olunması mexanizmini də çox vacib hesab edirlər:

"Möhkəm, davamlı, balanslı sülh sazişinə Dağlıq Qarabağ məsələsi salınmalıdır…"

Azərbaycan rəsmiləri isə Qarabağı daxili məsələ sayır, regiondakı erməni əhalinin ölkənin bütün vətəndaşları ilə eyni hüquqlara malik olduğunu bildirirlər. Ermənistan tərəfi isə Qarabağın təhlükəsizliyini da vacib saydığını açıqlayıb.

Ötən həftə Azərbaycan rəsmi olaraq Qarabağ erməniləri ilə görüş keçirildiyini açıqladı.

Orada tanınmayan qurumun təmsilçiləri görüşdən sonra iddia ediblər ki, müzakirələrdə reinteqrasiyadan danışılmayıb.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır.

Buna da bax: Paşinyan deyir, Azərbaycan Qarabağ erməniləri ilə danışıqları pozmaq istəyir

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.

Azərbaycan tərəfi son illər Laçın dəhlizinə alternativ olaraq Ermənistanın Sünik bölgəsindən və Naxçıvandan (Azərbaycan) keçəcək “Zəngəzur dəhlizi” istəyir.

Amma Ermənistan tərəfi bunu qəbul etmir. Yerevan deyir ki, üçtərəfli bəyanatda Ermənistandan keçəcək dəhlizdən yox, onların nəzarət edəcəyi yoldan bəhs edilir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.