Azərbaycan BMT-də Ukrayna qətnaməsinə səsvermədə yenə iştirak etməyib

"Ukraynada davamlı sülhə dəstək" qətnaməsinə səsvermə

Fevralın 24-də Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin dördüncü ildönümündə BMT Baş Assambleyasında "Ukraynada davamlı sülhə dəstək" qətnaməsi qəbul edilib. Sənəddə Ukraynanın suverenlik, müstəqillik, birlik və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hüququ təsdiqlənir.

Sənəddə Ukraynada dərhal atəşkəsə, bütün hərbi əsirlərin dəyişdirilməsinə, Rusiyanın qanunsuz saxladığı Ukrayna vətəndaşlarının azad olunmasına çağırış yer alır.

107 ölkə qətnaməni dəstəkləyib. Qonşu Gürcüstan bu ölkələr sırasındadır.

Rusiya, Belarus, Şimali Koreya, Kuba daxil, 12 ölkə əleyhinə səs verib. ABŞ, Çin, Hindistan, Ermənistan, Qazaxıstan daxil, 51 ölkə bitərəf qalıb.

Azərbaycan daha öncə bir sıra səsvermələrdə olduğu kimi davranıb, səsvermədə iştirak etməyib. Onunla bir sırada Türkmənistan, Venesuela kimi ölkələr yer alır.

Prezident Volodimir Zelenski qətnamənin qəbulunu alqışlayıb, ona səs verən 107 ölkənin hər birinə minnətdarlıq bildirib.

Azərbaycan Ukraynaya humanitar yardım göstərir, onun ərazi bütövlüyünü dəstəkləyir. Ötən il prezident İlham Əliyev ukraynalı jurnalist Dmitri Qordona işğalla barışmamağı tövsiyə etmişdi. Fevralın 14-də iki ölkə prezidentlərinin Münxen görüşü zamanı V.Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını bildirib.

ABŞ qətnamənin ayrı-ayrı bəndləri üzrə səsvermə tələb edib. Vaşinqton israr edib ki, Ukraynanın ərazi bütövlüyü və ədalətli, davamlı sülhə çağırışın yer aldığı maddələr səsə qoyulsun. Bu tələb dəstəklənmədiyindən Vaşinqton səsvermədə bitərəf qalıb.

Rusiya xarici işlər nazirinin müavini Dmitri Lyubinski həmin gün Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclasında yarıboş zalda çıxış edib. 40-a yaxın Qərb ölkəsi onun çıxışını boykot edib. Lyubinski isə Avropanı rusofobiyada ittiham edib.