BMT Suriya prezidenti və daxili işlər nazirinə sanksiyaları ləğv edib

BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası Suriya prezidenti Əhməd əl-Şaraaya sanksiyaları ləğv edib. Onun noyabrın 10-da Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə görüşü planlaşdırılır.

ABŞ-nin hazırladığı qətnamə ilə noyabrın 6-da Suriya daxili işlər naziri Ənəs Xəttaba sanksiyalar da ləğv olunub. Qətnamənin lehinə 14 səs verilib. Çin bitərəf qalıb.

Vaşinqton bir neçə aydır 15 üzvü olan Təhlükəsizlik Şurasını Suriyaya sanksiyaları yumşaltmağa çağırırdı. Tramp hələ mayda sanksiyaları qaldıracağını deyirdi.

"Fikrimcə, o çox yaxşı iş görür. Çətin bölgədir, o da çətin insandır, amma onunla çox yaxşı münasibət qurdum. Suriyada çox irəliləyiş əldə olunub", – Tramp noyabrın 6-da əl-Şaraa barədə deyib.

13 illik vətəndaş müharibəsindən sonra dekabrda islamçı "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupunun başçılığı ilə üsyançı qüvvələr Suriya prezidenti Bəşər əl-Əsədi devirib.

Daha öncə "Ən-Nüsrə Cəbhəsi" kimi tanınan HTŞ 2016-cı ildə "əl-Qaidə" ilə əlaqələrini kəsib. 2014-cü ildən bu qrup BMT Təhlükəsizlik Şurasının "əl-Qaidə" və "İslam Dövləti"nə qarşı sanksiyalar siyahısındadır. HTŞ-nın bir çox üzvlərinə səyahət qadağası, aktivlərin dondurulması və silah embarqosu qoyulub.

Çinin BMT-dəki təmsilçisi Fu Tsun ölkəsinin bitərəf qalmasını qətnamədə Suriyada terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik durumuna dair narahatlıqların düzgün əks olunmaması ilə izah edib.

Çin Şərqi Türküstan İslam Hərəkatının Suriyadakı taleyindən narahatlığını açıq dilə gətirir. Çin və Orta Asiyadan uyğur döyüşçülər bu qrupun üzvləridir. Hüquq müdafiə təşkilatları Çini, əsasən, müsəlman etnik azlıqlara qarşı genişmiqyaslı təzyiqlərdə ittiham edir.