Avropa üçlüyü (E3) – Britaniya, Fransa və Almaniya sentyabrın 28-də İrana "snapback" sanksiyalarının bərpa olunduğunu açıqlayıblar.
ABŞ sanksiyalarının təsiri altında olan İranda milli valyuta dollara qarşı 1.12 milyon rial səviyyəsinə enərək tarixi rekord vurub.
E3 Tehrana sanksiyalara qarşı hər hansı bir "gərginləşdirici" addım atmaması üçün xəbərdarlıq edib, onu xüsusilə ABŞ ilə danışıqlara qayıtmağa çağırıb.
"BMT sanksiyalarının bərpası diplomatiyanın sonu deyil", – E3-ün xarici işlər nazirləri birgə bəyanatda bildiriblər.
Bəyanatda deyilir ki, İran nüvə obyektlərinə BMT müfəttişlərinin (BAEA) girişini bərpa etməyib, yüksək həddə zənginləşdirilmiş uran ehtiyatına dair hesabat hazırlayıb agentliyə təqdim etməyib.
Rubionun çağırışı, Tehranın mövqeyi
ABŞ dövlət katibi Marko Rubio BMT üzvlərini Tehrana sanksiyaları dərhal tətbiq etməyə çağırıb. O, həmçinin İranı birbaşa danışıqları "yaxşı niyyətlə, yubatmadan" qəbul etməyə səsləyib.
Tehran E3-ün sanksiyaları bərpa etməsini "qanunsuz" adlandırıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftə Nyu-Yorka BMT Baş Assambleyasına yığışan üzv ölkələri Tehrana qəsddə ittiham edib.
"Nyu-Yorkda gördüklərim dialoqun uğursuzluğunun təsadüfi olmadığını göstərir", – deyən nazir sanksiyaların bərpasına hər hansı bir cəhdin "keçərsiz və etibarsız" olduğunu bildirib.
Avropa ölkələri İranın 2015-ci il nüvə sazişini pozduğunu deyərək sanksiyaların bərpasından ötrü 30 günlük geri sayım başlatmışdılar. Həmin sazişin məqsədi İranın nüvə silahı hazırlamasını önləmək idi.