Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi fəaliyyətini növbəti aylarda mərhələli şəkildə dayandıracaq.
Bu barədə məlumatları UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya İdarəsinin regional rəhbəri İrina Mazur AzadlıqRadiosuna təsdiq edib.
O bildirib ki, bundan sonra UNICEF Azərbaycandakı tərəfdaşlarla əməkdaşlığı regional ofisi və baş qərargahı vasitəsilə davam etdirəcək.
Artıq bu məlumatlar Azərbaycanda bir çox sosial şəbəkə istifadəçilərinin narazılığı ilə müşahidə edilir. Onlar vurğulayırlar ki, Azərbaycanda onsuz da uşaq ölümləri yüksəkdir. Həmin şəxslərin narahatlıqlarına görə, UNICEF-in Azərbaycandakı fəaliyyətini növbəti aylarda mərhələli şəkildə dayandırması bu prosesə ancaq ziyan gətirəcək.
Yerli saytların məlumatına görə, rəsmi Bakı hələ martın əvvəlində BMT-nin dörd ofisinin - BMT İnkişaf Proqramı (UNDP), BMT Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və BMT Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib. Rəsmi Bakı hesab edir ki, "Azərbaycan artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilib".
5 may
BMT Əhali Fondunun da Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb
2025-ci ilin mayında Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) da Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini başa çatdırıb. Bu barədə həmin qurumun məlumatında bildirilir.
Vurğulanıb ki, UNFPA bu ölkədəki 30 illik fəaliyyəti ərzində ana sağlamlığını yaxşılaşdırmaq, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün hökumətə və digər tərəfdaşlara kömək etməkdə əsas rol oynayıb.
"UNFPA-nın Azərbaycanla əlaqələri Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi, eləcə də baş qərargahı vasitəsilə davam edəcək", - qurum qeyd edib.
Son illər Azərbaycanda həm ana, həm də uşaq ölümünün artdığı bildirilir. Üstəlik, yerli mediada, bir qayda olaraq, tez-tez gender əsaslı zorakılıqla bağlı şikayətlər eşidilir.
2 may
BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi işini dayandırır
BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti başa çatır.
Bu barədə məlumatı nümayəndəlikdən AzadlıqRadiosuna da təsdiqləyiblər.
"Bu gün (mayın 2-də) BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində son iş günüdür. Sabahdan etibarən fəaliyyət göstərməyəcəyik",- qurumdan bildirilib.
UNDP-nin Azərbaycanda nümayəndəliyi 1992-ci ilin payızında təsis edilib. İlk vaxtlarda qurumun Azərbaycandakı fəaliyyəti Dağlıq Qarabağ münaqişəsindən zərərçəkənlər üçün erkən bərpa proqramının həyata keçirilməsinə yönəlib. Zaman keçdikcə, onun Azərbaycandakı rolu ölkənin dəyişən ehtiyaclarına uyğun istiqamətlənib.
Ceyhun Bayramov Qvi-Yop Sonu qəbul edir
3 mart
Azərbaycanın BMT qurumları ilə əməkdaşlığında dəyişikliklər gözlənir
Martın 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Sonu qəbul edərkən bu təşkilatın qurumları ilə yeni əməkdaşlıqdan bəhs edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirildiyinə görə, görüşdə vurğulanıb ki, Bakı BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və onun resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirir: "Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb".
Əməkdaşlıqda yeni yanaşma "Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi" ilə əlaqəndirilib: "... BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi... ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub".
Xatırlama
Azərbaycan BMT-yə 33 il əvvəl, 1992-ci il martın 2-də qəbul edilib. Hələ bu il martın əvvəlində bir sıra sosial şəbəkə istifadəçiləri BMT-nin bəzi qurumlarının Azərbaycandan çıxarılacağı ilə bağlı iddialar yaymışdılar.