Blinken Yaxın Şərqə qayıdıb

ABŞ dövlət katibi Antoni Blinken Ər-Riyadda

Fevralın 5-də ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşüb. Qəzzada müharibə başlayandan Blinken Yaxın Şərqə beşinci səfərini edir. Məqsəd potensial atəşkəs razılaşmasına nail olmaq, regionda gərginliyi azaltmaq, müharibədən sonrakı dövrlə bağlı planları müzakirə etməkdir.

AP Blinkenin hər üç cəbhədə böyük əngəllərlə üzləşdiyini yazır. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşması ilə İsrail mümkün sülhün əsas elementlərini razılaşdıra bilmirlər. İsrail ABŞ-ın Fələstin dövlətinə aparan yolla bağlı təklifini rədd edir. İranın regionda dəstəklədiyi silahlılar isə ABŞ-ın zərbələrindən çəkinənə oxşamırlar.

Blinken Səudiyyənin paytaxtı Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Səudiyyə rəsmiləri krallığın hələ də İsraillə münasibətləri normallaşdırmaqda maraqlı olduğunu deyirlər, ancaq bundan ötrü Fələstin dövlətinin yaradılması ilə bağlı mötəbər plan tələb edirlər.

Qəzzada müharibə HƏMAS-ın İsrailə 7 oktyabr hücumundan sonra başlanıb. AP HƏMAS-ın Qəzzanın viran qoyulmuş ərazilərinin bəzi yerlərində yenidən baş qaldırdığını yazır. Bu isə İsrailin bu qruplaşmanı məhv etmək niyyətinin asan olmayacağının əlaməti sayıla bilər.

Misirlə sərhəddə əməliyyat?

İsrailin müdafiə naziri Yoav Qallant deyib ki, ordu Qəzzanın şimalında hələ bir neçə ay əməliyyatları davam etdirəcək, cənubdakı əsas əməliyyatı da səngitməyəcək. O, əməliyyatın sonucda Misirlə sərhəddəki Rəfah şəhərinə çatacağını bildirib. 1.5 milyon fələstinli məcburi köçkün bu şəhərə sığınıb.

Misirin mövqeyinə görə, İsrailin sərhəd boyunca qüvvə yerləşdirməsi iki ölkənin 40 il qabaq imzaladığı sülh sazişinə təhdid yaradacaq.

Artıq Qəzzada ölü sayının 27 mini keçdiyi bildirilir. Ancaq Fələstin qurumları onların neçəsinin dinc sakin, neçəsinin döyüşçü olduğunu açıqlamır.

Müharibə nəticəsində bu kiçik anklavın böyük hissəsi yerlə-yeksan edilib, 2.3 milyonluq əhalisinin 85 faizi evindən didərgin düşüb.

Oktyabrın 7-də İsrailə hücum edən radikal HƏMAS üzvləri min 200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. Girovlardan azı 100 nəfəri noyabrda bir həftə çəkən atəşkəs vaxtı 240 fələstinli məhbusa dəyişdirilib.