"Bibiheybət" Gəmi Təmiri Zavodunun (GTZ) işçilərinin fəaliyyətdə olan digər zavodlara köçürülməsi nəzərdə tutulur.
Bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) dekabrın 17-də yaydığı məlumatda deyilir.
Qurum bildirir ki, aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbi ilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir: "Optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir... Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün iki zavodun kifayət edəcəyi müəyyən olunub".
Açıqlamaya görə, "Bibiheybət" GTZ-nin təmir portfelinin Bakı Gəmiqayırma Zavoduna (BGZ) köçürülməsi qərara alınıb.
Fəaliyyəti davam edəcək digər bir müəssisə isə "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodudur.
"Bibiheybət" GTZ işçilərinin sayı açıqlanmır. Məsələyə müəssisənin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Zavodda işlədiklərini bildirən, amma adının çəkilməsini istəməyən bəzi şəxslər isə narahatlıqlarını gizlətmirlər. Onların vurğulamasına görə, zavodun bağlanması nəticəsində iş yerlərini itirəcəklərindən narahatdırlar. "Burada işləyənlərin bir çoxunun üstündə kredit borcu var. İşimizi itirsək, krediti kim qaytaracaq", - onlardan biri sual edib.