'Müstəqil vəkillər qısnama və təqiblərə məruz qalır' — Beynəlxalq komissiyadan Bakı hesabatı

Sizin brauzer HTML5-i dəstəkləmir

Vəkillərin son illərdə ard-arda Vəkillər Kollegiyasından çıxarılmasının səbəbi nədir? (ARXİV)

Azərbaycanda icra hakimiyyətinin Vəkillər Kollegiyası üzərində nəzarəti və təsiri, quruma ayrı-seçkilik xarakterli qəbul qaydaları, intizam icraatından cəza vasitəsi kimi istifadə olunması, həmçinin müstəqil vəkillərin qısnama və cinayət təqiblərinə məruz qalması hüquq peşəsinin müstəqilliyini sarsıdır.

Bunu Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) mayın 18-də yaydığı hesabatda bildirib.

Bundan əlavə, məhkəmə sisteminin müstəqil olmaması cinayət işləri üzrə təqsirləndirilən şəxsləri "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt" və "İnsan Hüquqları üzrə Avropa Konvensiyası" çərçivəsində ədalətli məhkəmə hüququndan məhrum edir.

Sənədə görə, BHK və digər beynəlxalq qurumların tövsiyələri əsasən yerinə yetirilməyib, icra hakimiyyətinin hüquq peşəsinə müdaxiləsi davam edir.

Kollegiyadan kənarlaşdırılan vəkillərlə bağlı qərarlar icra olunmayıb

Hesabatda qeyd edilir ki, Azərbaycan Vəkillər Kollegiyasına qəbul prosesi insan hüquqları müdafiəçisi sayılan hüquqşünasların sistemdən kənarlaşdırılması üçün istifadə olunur. İntizam icraatları isə peşə etikasını qorumaqdan çox nəzarət vasitəsinə çevrilib. Siyasi baxımdan həssas işlərdə müdafiəçi kimi çıxış edən vəkillər kollegiyadan xaric edilmə, cinayət təqibi və digər təzyiq formaları ilə üzləşirlər.

BHK-ya danışan hüquqşünasların sözlərinə görə, belə işlərdə çalışmağa hazır olan və ya bunu bacaran vəkillərin sayı çox azdır. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İntiqam Əliyev, Xalid Bağırov və Aslan İsmayılovun vəkillik hüquqlarının pozulduğunu tanısa da, bu qərarlar əsasən icra edilməyib və onların heç biri peşə fəaliyyətinə bərpa olunmayıb.

Hesabatda bu struktur problemlərin Bakı Hərbi Məhkəməsində Qarabağ separatçılarına qarşı cinayət işlərində də özünü göstərdiyi vurğulanır. BHK bu prosesi ədalət mühakiməsindəki daha geniş problemlərin nümunəsi kimi təqdim edir.

Tövsiyələr

Beynəlxalq Hüquqşünaslar Komissiyası Azərbaycan hakimiyyətini Vəkillər Kollegiyasının həqiqətən müstəqil özünüidarəetmə qurumu kimi fəaliyyət göstərməsini təmin etməyə çağırıb. Qurum siyasi baxımdan həssas işlərdə çalışan vəkillərə qarşı təzyiqlərin dayandırılmasını, beynəlxalq hüquq və standartların pozulması yolu ilə kollegiyadan uzaqlaşdırılmış vəkillərin işlərinə bərpa olunmasını tələb edir.

BHK həmçinin bütün təqsirləndirilən şəxslərin prosesin bütün mərhələlərində, o cümlədən apellyasiya instansiyasında öz seçdikləri vəkillərə çıxışının təmin olunmasına çağırır.

BHK son 10 ildə Azərbaycanda hüquq peşəsinin müstəqilliyini araşdırır. Təşkilat 2016-cı ildə "Müdafiəsiz Müdafiəçilər: Azərbaycanda hüquq peşəsində sistemli problemlər" adlı hesabatında icra hakimiyyətinin vəkillərin fəaliyyətinə və Vəkillər Kollegiyasının işinə müdaxiləsini sənədləşdirib. 2018-ci ilin brifinq sənədində isə məhkəmə təmsilçiliyini məhdudlaşdıran qanunvericilik təhlil olunub.

Vəkillər Kollegiyası BHK-nın təkliflərini nəzərə alıb

Bu hesabata rəsmilərin münasibəti hələlik bəlli deyil. Vəkillər Kollegiyasının vebsaytında isə bəzi sənədlərdə bu qurumun təkliflərinin nəzərə alındığı qeyd olunur.

Rəsmilər adətən ölkədə ədalətli mühakimə hüququnun təmin olunduğunu bildirirlər. Prezident İlham Əliyev ötən il Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına müraciətində deyib ki, hüquqi dövlət quruculuğu Azərbaycanın dövlət siyasətinin strateji prioritetlərindən biridir. Onun sözlərinə görə, ölkədə aparılan ardıcıl islahatlar nəticəsində məhkəmə fəaliyyətinin səmərəliliyi artırılıb, vətəndaşların ədalət mühakiməsinə müraciət imkanları genişləndirilib, hakimlərin müstəqilliyi möhkəmləndirilib.

İnsan haqları müdafiəçiləri isə ötən həftə 328 nəfərin yer aldığı yenilənmiş siyasi məhbus siyahısı yayıblar. Rəsmilər ölkədə siyasi məhbus olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qrupları və digər qurumlar hakimiyyəti dəfələrlə siyasi təqiblərə son qoymağa çağırıblar.