Beynəlxalq Bank özəlləşdirməyə hazırlanır

-

“Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq. Aktivlərinə görə, Azərbaycanın ən iri bankı olan bu bank özəlləşdirmə üçün hazırlanmaqdadır ”.

Fins.az-ın xəbərinə görə bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı deyib.

“Hökumət ABB-nin problemlərinin əksəriyyətini həll edib, lakin özəlləşdirmə prosesi müəyyən vaxt aparır və özəlləşdirmə bu il real deyil”.
Azərbaycanın bank bazarının 40 faizinə nəzarət edən Beynəlxalq Bank ətrafında söz-söhbət keçən ilin martında - İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefasından bəri başlanıb. O, səhhətinə görə, istefa verdiyini söyləsə də, daha sonra tamam başqa proseslər baş verdi.

2015-ci ilin mayından bankda kredit mənimsəmələri üzə çıxarıldığı iddiaları səslənməyə başladı. C.Hacıyev və bir çox iş adamı həbs olundu. Bu ilin mayında tutulanların çoxu azad olunub. C.Hacıyev və daha bir neçə nəfər, hələ, həbsdədir.

Buna da bax: “Qeyri-peşəkarlıq və korrupsiya Azərbaycan bank sisteminin atributlarıdır”

C.Hacıyev kütləvi mənimsəmədə, səlahiyyətindən sui-istifadədə, səlahiyyət həddini aşmada ittiham olunur.

Beynəlxalq Bankın səhmlərinin 51 faizi Azərbaycan dövlətinə aiddir.

Mərkəzi Bankın ötənilki fəaliyyət hesabatında qeyd edilirdi ki, Beynəlxalq Bankı xilas etmək məqsədi ilə dövlət büdcəsindən 3 milyard manat borc ayrılıb. Həmin borcun 2045-ci ilədək qaytarılması nəzərdə tutulur.

Hesabatda həmçinin, borcun 2.5 milyardının artıq 2015-ci ildə götürüldüyü, yerdə qalan 500 milyon manatın isə, 2016-cı ildə alınacağı qeyd olunur. Borc illik 0.15 faizlə cəlb edilib.

Bəzi ekspertlər deyirdilər ki, Azərbaycan Beynəlxalq Bankı ətrafında çox incə siyasət aparılır. Bankın dövlət vəsaitləri hesabına problemləri həll edilir, sonra özəlləşdirməyə çıxarılacaq. Həmin ekspertlərin fikrincə, sonradan bu bankı elə, hakimiyyətin yuxarı pilləsində təmsil olunan insanların yaxınları əldə edəcəklər.

Buna da bax: Cahangir Hacıyev Beynəlxalq Bankdan getsə də, "ənənələri" yaşayır