Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və nəzarətçilərindən şikayətçidir.
Bu barədə onun qardaşı Vüqar Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb.
V.Hacıyevin sözlərinə görə, qardaşı cəzaçəkmə müəssisəsindəki qeyri-insani rəftardan şikayət edir.
O vurğulayıb ki, B.Hacıyev Penitensiar Xidmətin yeni təyin olunmuş rəisi, ədliyyə general-mayoru Sahib Rzayevə müraciət edərək nümayəndə göndərilməsini və şikayətinin araşdırılmasını istəyib.
Amma bu pis rəftarın konkret nədən ibarət olduğu barədə əlavə məlumat verilməyib.
Hələlik bu açıqlamaya Penitensiar Xidmətin yeni rəhbərliyindən və sözügedən müəssisədən münasibət almaq mümkün olmayıb.
S.Rzayev oktyabrın 27-də prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib. O, bu vəzifədə Mirsaleh Seyidovu əvəz edib.
B.Hacıyev bundan əvvəl də 6 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulduğunu bildirmişdi.
O vaxt Hacıyevin vəkillə və Ombudsman Aparatı ilə əlaqə saxlamaqda, həmçinin lazımi tibbi yardım almaqda çətinlik çəkdiyi bildirilirdi.
Həmin vaxt da rəsmilərdən konkret bu şikayətə münasibət almaq mümkün olmamışdı. Amma Penitensiar Xidmət bundan əvvəl oxşar şikayətlərə münasibət bildirərkən məhbuslara qarşı heç bir ayrı-seçkilik edilmədiyini və onlarla qanun çərçivəsində davranıldığını açıqlayıb.
Xatırlatma
B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs edilərkən ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə sayqısızlıq) maddələri ilə ittiham irəli sürülmüşdü.
İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. kimi əlavə ittihamlar da irəli sürülüb.
Ötən ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi B.Hacıyevə 10 il həbs cəzası kəsib, onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirə olunması barədə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
B.Hacıyev özünü təqsirli bilmir və bu ittihamların hamısının əsassız olduğunu vurğulayır.