Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə vəkil Rövşanə Rəhimova məlumat verib. Onun sözlərinə görə, B.Hacıyevə Cinayət Məcəlləsinin səkkiz maddəsi üzrə ittiham verilib.
Bunlar 192.1 (qanunsuz sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin... leqallaşdırılması), 206.1 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınmaq), 221.2.2 (hakimiyyət nümayəndəsinə müqavimətlə xuliqanlıq ), 289.1 (məhkəməyə hörmətsizlik ), 320.1 (... rəsmi sənədin saxtalaşdırılması...) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə edilməsi) maddələridir.
Vəkil qeyd edib ki, növbəti mərhələdə işlə tanışlıq və məhkəmənin keçirilməsi gözlənilir.
B.Hacıyevin istintaq müddəti son dəfə oktyabrın 3-də növbəti ilin yanvarın 28-dək uzadılmışdı.
Xatırlatma
B.Hacıyev 2022-ci ilin dekabrın 9-da həbs olunub. Ona əvvəlcə Cinayət Məcəlləsinin (CM) 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham verilib. Bir neçə dəfə həbs müddəti artırılan ictimai fəala daha sonra əlavə ittihamlar verilib.
O, öz həbsini "qanunsuz" və "siyasi sifariş" adlandırıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənlərlə razılaşmırlar.