Dombasda vuruşmuş belarusluya Çexiyada 21 il cəza verilib

Ukrayna

Çexiya apellyasiya məhkəməsi belarusiyalı Aleksey Fadeevi Ukraynanın şərqindəki müharibədə iştirak etdiyinə görə 21 il həbs cəzasına məhkum edib.

Rusiyapərəst separatçıların tərəfində vuruşan 41 yaşlı Belarus vətəndaşı terrorizmdə təqsirli bilinir.

Bu barədə Novinky.cz xəbər verir. Fadeev uzun illərdir Çexiyada yaşayır. Məlumata görə, o, 2014-cü ilin oktyabrından 2016-cı ilin mayına qədər separatçı qrupları dəstəkləmək üçün dəfələrlə Donbasa gedib, separatçı birləşmələrdən birinin silahlı qüvvələrində xidmət edib.

Birinci instansiya məhkəməsi buna görə onu 4,5 il həbs cəzasına məhkum edib. Həmin vaxt məhkəmə Fadeevin döyüşlərdə iştirak etmədiyini və yalnız köməkçi iş gördüyü qənaətinə gəlib.

Lakin prokurorluq bu qərardan apellyasiya şikayəti verib. Müdafiəçisi müdafiə etdiyi şəxsin müharibədə döyüşmədiyini və ittihamların onun üzərindən götürülməsini israr edib. Guya müdafiə etdiyi şəxs cəbhə bölgəsindəki döyüşlərdə iştirak etməyib, sadəcə Ukraynaya mülki əhalini qorumaq üçün gedibmiş.