Belarusun hakimiyyət orqanları Avropanın 35 ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi elan ediblər.
Bundan əvvəl, 2022-ci ildən etibarən Polşa, Litva və Latviyanın vətəndaşları Belarusa vizasız səfər edə bilərdilər.
Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında deyilir ki, bu qərarı ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenko təsdiqləyib.
Xəbər verilir ki, Minskin bu addımı birtərəflidir, belə ki, Avropa ölkələri Belarus vətəndaşları üçün vizasız rejim elan etməyiblər.
Qərara görə iyulun 19-dan Avropa İttifaqının bütün ölkələri, habelə Britaniya, Norveç, İsveç və bir sıra Balkan ölkələrinin vətəndaşları Belarusa vizasız səfər edə və burada 30 gün müddətində qala biləcəklər.
Buna da bax: Avropa İttifaqı Ermənistanla viza sərbəstləşdirilməsi danışıqlarına başlayacaqRusiyadan başqa
Qərarda deyilir ki, Belarusa vizasız gəlmiş əcnəbilər buradan, Rusiya xaric başqa ölkələrə səfər edə bilərlər.
Belarusun vizasız rejim elan etdiyi ölkələrin demək olar hamısının vətəndaşları Rusiyaya yalnız viza ilə gələ bilərlər.
Rusiya ilə viza rejimi Ukraynaya müdaxilədən sonra daha da sərtləşdirilib.
Moskva hələ ki, Belarusun qərarını şərh etməyib. Rusiya ilə Belarus arasındakı keçid məntəqələrində sərhədçilər yoxdur.
Şərhçilər bildirirlər ki, Minsk bu addımı Belarusla Aİ arasında münasibətlərin ən gərgin vaxtında atıb.
Aİ Ukraynaya müdaxilədə Rusiyaya dəstək verən Belarusa qarşı çoxsaylı sanksiyalar elan edib.
Eyni zamanda Polşa və Baltik ölkələri Belarusla sərhədlərini daim möhkəmləndirirlər.
Bu ölkələr bildirirlər ki, Belarus onların ərazisinə qanunsuz miqrant axınına bilərəkdən rəvac verir.
Buna da bax: Rusiya və Ukrayna daha bir əsir mübadiləsi ediblər“Gərginliyi azaltmaq addımları”
Vizasız rejim Belarusun öz təbiri ilə deyilərsə, “gərginliyi azaltmağa yönəlik” yeganə addımı deyil.
Alyaksandr Lukaşenka bundan bir neçə gün əvvəl bəyan etmişdi ki, Belarus ordusu Ukrayna ilə sərhəddən geri çəkiləcək.
O əlavə etmişdi ki, “Ukraynada normal adamlar kifayət qədərdir” və sülh barədə danışıqlara başlamaq lazımdır.
Belarusun xarici işlər naziri Maksim Rıjenkov iyulun 15-də demişdi ki, Minsk Varşava ilə münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün dialoqa hazırdır.
Polşa XİN buna cavab olaraq bildirmişdi ki, o da dialoqa hazırdır, amma hələlik Belarus tərəfindən siyasətin strateji dəyişikliyini yox, yalnız qısamüddətli siyasi məqsədləri görür.