Rusiya Müdafiə Nazirliyi "Oreşnik" raket kompleksinin Belarus ərazisində döyüş növbətçiliyinə başladığını bildirib.
Müdafiə Nazirliyi "Oreşnik"in ilk dəfə göstərildiyi bildirilən kadrlarını da yayıb.
"Oreşnik" barədə ilk dəfə 2024-cü il noyabrın 21-də məlumat yayılıb. Rusiya prezidenti Vladimir Putin onun Dnepr şəhərindəki hərbi-sənaye kompleksinə nüvə başlıqsız zərbəsi haqda danışıb. Putin bir qədər sonra bildirib ki, Rusiyanın istifadəyə hazır belə raket ehtiyatı var, artıq onların seriyalı istehsalı təşkil edilib.
2024-cü ilin dekabrında Lukaşenko Putindən "Oreşnik"in Belarus ərazisində yerləşdirilməsini xahiş edib. Putin isə cavabında bunun 2025-ci ilin ikinci yarısında mümkün olacağını deyib.
Belarus ərazisində Rusiya istehsalı 'Oreşnik' raketlərini nümayiş etdirir
Belarus dekabrın 30-da öz ərazisində Rusiya istehsalı, nüvə başlığı daşımağa qadir hipersəs "Oreşnik" raket sistemlərinin videosunu yayıb. Bu addım Moskvanın Avropa boyunca raket zərbələri endirmə imkanlarını gücləndirir.
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir. O, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə də danışıqlar aparır. Lukaşenko bu ayın əvvəlində ölkəsində ortamənzilli ballistik raketin yerləşdirildiyini elan edib.
Bəzi Qərb ekspertlərinə görə, bu, müharibə olarsa, Rusiya nüvə raketlərinin Avropadakı hədəflərə daha tez çatmasına imkan yaradacaq.
Moskva raketləri və onların mobil buraxılış qurğularını Belarusun şərqində bir keçmiş aviabazaya yerləşdirə bilər. Bunu iki amerikalı tədqiqatçı peyk görüntülərinin təhlilinə əsasən yazıblar.
Belarus Müdafiə Nazirliyi dekabrın 30-da yaydığı videoda raket sistemlərinin konkret yerini açıqlamayıb. Amma videoda meşə yolları ilə hərəkət edən mobil buraxılış qurğuları, onların heyətləri görünür, xüsusi qüvvələr sistemləri tor örtüklərlə kamuflyaj edirlər.
Moskva 2024-cü ilin noyabrında adi döyüş başlığı ilə təchiz olunmuş "Oreşnik" raketini Ukraynada bir hədəfə qarşı sınaqdan keçirib. Putin bu raketin sürətinin 10 Maxı (saniyədə 3400 metr) keçdiyini, onu tutmağın mümkün olmadığını iddia edir.