Belarusda Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş əməkdaşı, 39-yaşlı İqor Sutırko dövlətə xəyanətdə ittiham olunur. Məlumatı "Vyasna" İnsan Hüquqları Mərkəzi yayıb.
O, 2026-cı il aprelin 10-da – son bir neçə ildə yaşadığı Polşadan qayıtdıqdan az sonra saxlanılıb. "Nastoyaşeye Vremya"nın yazdığına görə, təqibə nəyin səbəb olduğu bilinmir. Belarusda bu cür işlər qapalı şəkildə araşdırılır.
Hüquq müdafiəçilərinin məlumatına əsasən, Sutırko 2014-cü ildə KQB-dən ayrılıb və bundan sonra proqramlaşdırma ilə məşğul olub. Belarus vətəndaşlığı ilə yanaşı, Polşa pasportu da var. Hazırda Sutırko KQB-nin istintaq təcridxanasında saxlanılır.
2026-cı ilin aprelində Belarus və Polşa məhbus mübadiləsi həyata keçirib – məhbuslar "5-in əvəzinə 5" formulu ilə qarşılıqlı azad edilib. Minskin azad etdiyi şəxslər arasında 2021-ci ildən həbsdə olan jurnalist və Polyaklar Birliyinin fəalı Anjey Poçobut da var. Poçobut 2023-cü ilin fevralında nifrət yaratmaqda və milli təhlükəsizliyə zərər vurmağa yönəlmiş hərəkətlərə çağırışda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.