Belaruslu siyasətçi Nikolay Statkeviçin hazırda harada olduğu hələ də bəlli deyil. O, digər siyasi məhbuslarla birlikdə sentyabrın 11-də azadlığa buraxılsa da, yeri barədə məlumat yoxdur. Ailə üzvləri ondan xəbər ala bilmirlər.
Bu barədə sentyabrın 12-də Vilnüsdə keçmiş siyasi məhbusların mətbuat konfransında bildirilib.
Statkeviç Belarusdan çıxaraq Litvaya getməkdən imtina edib. "Belsat" kanalı müxalifət lideri Svetlana Tixanovskayanın müşaviri Denis Kuçinskiyə istinadla bildirib ki, Statkeviç "demək olar ki, avtobusun qapısını sındıraraq çölə çıxdı və Belarus ərazisinə doğru qaçdı". O, sərhədin Belarus tərəfində bir neçə saat dayanıb, müşahidə kameralarına da düşüb. Həyat yoldaşı, amerikalı diplomatlar və daha bir neçə nəfər onu Belarusdan çıxmağa razı salmağa çalışıblar, amma buna nail ola bilməyiblər. Litva Statkeviçin Belarus-Litva sərhədini keçmədiyini bildirir.
"Naşa Niva" nəşri qeyd edir ki, Belarusun təbliğatla məşğul olan Telegram kanalları Statkeviçin sentyabrın 11-də guya sərhədi keçdiyini yazıblar, amma ertəsi gün səhər onun yoxa çıxdığını yaymağa başlayıblar.
"Narodnaya Qromada" hərəkatının fəalı Sergey Spariş də həbsdən buraxılaraq deportasiya olunub. O, Statkeviçi sentyabrın 11-də KQB həbsxanasında gördüyünü, onun "ruhən əla durumda" olduğunu deyib. Spariş onun səhhəti ilə bağlı ciddi narahatlıq bildirib, ABŞ prezidenti Donald Tramp da daxil olmaqla siyasətçiləri Statkeviçin Belarusda normal yaşamaq, ailəsi, əqidədaşları ilə əlaqə saxlamaq hüququnu təmin etməyə çağırıb.
Nikolay Statkeviç Belarus-Litva sərhədində müşahidə kamerasının kadrında. 11 sentyabr 2025-ci il
Həbsdən buraxılan Statkeviç Belarusdan çıxmaqdan imtina edib
Belarus hakimiyyəti sentyabrın 11-də 52 siyasi məhbusu azadlığa buraxıb. Onların arasında siyasətçi Nikolay Statkeviç də olub. Amma o, ölkəni tərk etməkdən imtina edərək Belarusda qalmağa qərar verib.
"Vyasna" insan haqları mərkəzinin məlumatına görə, siyasi məhbusları məcburi şəkildə "Kamennıy Loq" nəzarət-buraxılış məntəqəsindən keçirərək Litvaya aparıblar. Statkeviç isə Belarusu tərk etməyə razı olmayıb, avtobusun qapısını ayağı ilə sındıraraq Belarusla Litva arasındakı neytral zonaya çıxıb.
Onu maskalı şəxslər aparıblar
"Statkeviç o tərəfdə (neytral zonada) qalıb, Litvaya keçməyib, sərhədi keçməyə cəhd göstərməyib. Hazırda artıq həmin ərazidə deyil, nəzarət-buraxılış məntəqəsinin dərinliklərinə doğru hərəkət edib", – Litva Dövlət Sərhəd Mühafizəsi Xidmətindən Qiedrius Mişutis LRT-yə deyib.
Statkeviçin silahdaşı Yevgeni Vilski AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, o, Statkeviçi Litvaya keçməyə razı salmağa çalışıb. Amma Statkeviç öz taleyini özü həll edəcəyini bildirib. Onun qərarını dəyişməyəcəyi bilinəndən sonra naməlum istiqamətə aparılıb. Vilskinin sözlərinə görə, bunu daim onun yanında gəzən maskalı şəxslər edib: "Onlar daim onun yanında dayanırdılar, üç metr aralıda. Ona heç nə deyilmədi, hara aparılır, heç nə. Vaxt tamam oldu, biz çıxdıq, onu isə başqa tərəfə apardılar. Vəssalam".
Q.Mişutis isə Statkeviçin öz istəyi ilə getməsinə dair suala belə cavab verib ki, onu bir neçə Belarus əməkdaşı müşayiət edib, lakin özü piyada gedib.
Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskayanın müşaviri Denis Kuçinski sentyabrın 11-i axşam "Myadininkay" sərhəd-keçid məntəqəsinin Litva tərəfində olub. O, "Zerkalo"ya deyib ki, Statkeviç artıq neytral zonanı tərk edib: "Nikolay Statkeviçi neytral zonada görmürük. Bu isə, təbii ki, ciddi narahatlıq doğurur. Görünür, o, artıq Belarus tərəfinə keçib. Hər bir insanın nə edəcəyinə dair seçim haqqı olmalıdır".
Statkeviç kimdir
Belarusun tanınmış siyasi məhbuslarından olan Nikolay Statkeviç qeydə alınmamış Belarus Sosial-Demokrat Partiyasının (Xalq Həmrəyliyi) lideridir. O, 2019-cu ildə prezident seçkilərində namizəd olub, "işsizlər yürüşləri"ni təşkil edib.
2010-cu ilin prezident seçkilərindən sonra o, Minskdə etirazlarda iştirak edib, təhlükəsizlik qüvvələri onları yatırdıb. 2011-ci ilin mayında Statkeviçə kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb, 6 il həbs cəzası kəsilib. 2015-ci ilin avqustunda siyasətçi bir neçə siyasi məhbusla birlikdə əfv olunaraq azadlığa buraxılıb. Onu 2017 və 2020-ci illərdə (ikinci dəfə Sergey Tixanovski ilə birlikdə) həbs ediblər. 2021-ci ildə Statkeviç yenidən kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.
S.Tixanovski bu ilin iyulunda azadlığa çıxıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Tixanovski Belarus müxalifəti haqda: '2020-ci il hərəkatının enerjisi artıq yoxdur'
2020-ci il etirzlarından sonra müxalifətçi Mariya Kolesnikova oxşar addım atmışdı, onun öz pasportunu cıraraq Ukraynaya deportasiya olunmasına imkan vermədiyi bildirilirdi.