Koqnitiv terapiyanın 'atası' 100 yaşında vəfat edib

İllüstrativ foto

Bek depressiyada olan xəstələrinin tez-tez təhrif olunmuş neqativ fikirlərə daldığını aşkarlayandan sonra bu müalicə üsulunu hazırlayıb

Koqnitiv terapiya üzrə depressiya və digər psixoloji pozuntuların müalicəsində inqilab yaratmış amerikalı psixiatr noyabrın 1-də 100 yaşında vəfat edib.

Aaron T. Bekin qızı Cudi Bek atasının Filadelfiyadakı evində dünyasını dəyişdiyini bildirib. Cudi Koqnitiv Davranış Terapiyası üzrə Bek İnstitutunun prezidentidir.

1960-cı illərdə hazırlanmış koqnitiv davranış terapiyası (CBT) xəstələrin özləri, dünya və gələcək barədə irrasional mənfi fikirləri müəyyənləşdirərək özlərindən uzaqlaşdırmasını nəzərdə tutur. Bu hazırda dünyada ən çox tətbiq olunan müalicə metodudur.

Bek 1921-ci ilin iyulunda Rod-Aylendin paytaxtı Providensdə, rusiyalı yəhudi ailəsində anadan olub.

O, depressiyada olan xəstələrin tez-tez təhrif olunmuş neqativ fikirlərə daldığını aşkarlayandan sonra bu müalicə üsulunu hazırlayıb.

Bek qızı Cudi ilə 1994-cü ildə Bek İnstitutunu yaradıb. O vaxtdan institut 130 ölkədə 25 mindən çox zehni sağlamlıq mütəxəssisinə CBT üzrə təlim keçib.